Ölkəmiz Antalyada simpozium və sərgidə təmsil olunub

 

Türkiyə Patent və Əmtəə Nişanları Qurumu (Türkpatent), Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin (Sakpatenti) təşkilatçılığı, Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) dəstəyi ilə 24-25 noyabr tarixlərində Antalya şəhərində coğrafi göstəricilər mövzusunda regional simpozium və sərgi keçirilib. Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Simpoziumun açılış mərasimində Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun videomüraciəti nümayiş etdirilib.

Müraciətdə vurğulanıb ki, xalqların mədəni müxtəlifliyinin tanınması və qorunub saxlanılması, onların mədəni ifadə formalarının “mədəni kapital” mənbəyi kimi təbliği hər zaman yaradıcılığın stimullaşdırılmasına və əqli mülkiyyət xəzinəsinin innovasiyalarla zənginləşməsinə xidmət edib. Diqqətə çatdırılıb ki, sərgidə nümayiş olunan Azərbaycanla bağlı coğrafi göstəricilərin (brendlərin) nümunələri tarixi-mədəni keçmişimizdən qaynaqlanaraq, Azərbaycan adət-ənənələrini, müasir mərhələdə Azərbaycan xalqının əqli mülkiyyətinin varisliyini və davamlılığını təqdim edir.

Simpoziumun açılışında Türkpatentin rəhbəri Cemil Başpinar, Sakpatentinin rəhbərinin müavini Nino Çikovani, DƏMT-nin Keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr departamentinin direktoru Habip Asan çıxış ediblər.

10-dan artıq ölkənin nümayəndələrinin qatıldığı tədbirdə Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin üzvü Sənan Tapdıqov təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, Azərbaycanın bölgələrinə məxsus qida məhsulları, kənd təsərrüfatı məhsulları, özündə ən qədim adət-ənənələri əks etdirən müxtəlif sənətkarlıq nümunələri ölkəmizdən çox-çox kənarlarda geniş tanınıb. Azərbaycanın 30 ilə yaxın erməni işğalı altında qalan ərazilərinin talan edildiyi, azad olunmuş ərazilərdə coğrafi göstəricilərin qorunmasının xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, artıq bu istiqamətdə işlərə başlanılıb və ilk olaraq bu il məşhur “Ağdam” şərabı qeydiyyata alınıb.

Simpozium çərçivəsində təşkil olunan sərgidə ölkəmizə məxsus coğrafi göstəricilər (“Sirab”, “Badamlı” suları, “Meysəri”, “Ağdam” şərabları, Şəki halvası) təqdim edilib, UNESCO-nun siyahısına daxil edilmiş Azərbaycan xalçası, kəlağayı sənəti kimi qeyri-maddi mədəni irs nümunələri barədə məlumat verilib.