«AİTF-2012» sərgisi çərçivəsində daha bir sənəd Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Dünya Turizm Təşkilatı arasında imzalandı. Sənəd bu il sentyabrın 6-7-də Bakıda “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfransın keçirilməsi ilə bağlıdır. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan 2001-ci ildən DTT-nin üzvü olsa da, bu, təşkilatla birgə keçirilən ilk layihədir: «Azərbaycan bu nüfuzlu təşkilatla yaxından əməkdaşlıq edir. Ötən il ölkəmizin turizm üzrə fəaliyyət göstərən üç təşkilatı - Azərbaycan Turizm İnstitutu, Azərbaycan Turizm Assosiasiyası və Bakı Turizm İnformasiya Mərkəzi DTT-nin assosiativ üzvlüyünə qəbul olundu. Bundan başqa, bu günlərdə Azərbaycan Turizm Assosiasiyasının sədri Dünya Turizm Təşkilatına qoşulmuş üzvlərin Şurasının vitse-prezidenti vəzifəsinə seçildi. Bu məsələdə təşkilatın baş katibi Taleb Rifainin də böyük rolu oldu”.
Nazir onu da qeyd etdi ki, Dünya Turizm Təşkilatı 2013-cü ildə Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumunu dəstəkləyən qurumlar sırasına qoşulacaq: “Bütün bunlar Azərbaycanın turizm sahəsində dünya ölkələri arasında artan nüfuzundan xəbər verir”.
Nazir bildirdi ki, imzalanan yeni sənədə görə, bu il sentyabrın 6-7-də Bakıda kulinariya, mədəniyyət və turizm üzrə beynəlxalq konfrans keçiriləcək. Bu layihə Azərbaycanın turizm potensialını təbliğ etməyə geniş imkan verəcək.
DTT-nin şöbə müdiri Alla Peresolova isə Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığını dedi və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini bildirdi.
Fəxriyyə