Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Macarıstana səfər edib.

Səfər zamanı Emin Hüseynov Macarıstan Prezidentinin xarici əlaqələr üzrə müşaviri Kriştof Altus, Xarici İşlər və Ticarət Nazirliyinin məsul şəxsləri, Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) və Lakitelek Fondunun rəhbərliyi, eləcə də yerli şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib.

Prezidentin xüsusi nümayəndəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlər, “Böyük Qayıdış” Dövlət Proqramı barədə həmsöhbətlərinə məlumat verib. Emin Hüseynov Macarıstanın dövlətimizin suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyin, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə verdiyi töhfənin Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, Macarıstan şirkətlərini Qarabağda həyata keçirilən layihələrə qoşulmağa dəvət edib.

Görüşlərdə Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində iştirak etməyə və lazımi kömək göstərməyə hazır olduqları bildirilib. Macarıstan təmsilçiləri iki ölkənin liderləri arasında mövcud olan etibarlı münasibətlərin ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün zəmin yaratdığını vurğulayıblar.

Müxtəlif sahələrdə fəaliyyət göstərən Macarıstan şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşdə mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.