Prezident İlham Əliyev sərginin ekspozisiyası ilə tanış olub
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Bakı Sərgi Mərkəzində keçirilən “AİTF-2012” XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ilə tanış olmuşdur.
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verdi ki, bu il 11-ci dəfə keçirilən beynəlxalq sərgiyə dünyanın 32 ölkəsindən 201 şirkət qatılıb. Sərgidə 62 turizm istiqaməti təqdim edilir. Ölkələrin və turizm istiqamətlərinin müxtəlifliyinə görə bu, rekord göstəricidir.
   Bildirildi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində “Azərbaycan Hava Yolları” QSC çıxış edir. Builki sərgi “Bütün dünya-bir sərgi” devizi altında keçirilir.
   Prezident İlham Əliyev sərginin pavilyonları ilə yaxından tanış oldu.
   Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olan dövlət başçısına məlumat verildi ki, milli motivlərlə zəngin olan bu stend Azərbaycan xalqının qonaqpərvərliyini əks etdirir. Burada genişləndirilmiş “GoMap.az” elektron onlayn naviqatorunun rəsmi təqdimatı da keçirildi. Onlayn naviqatora ilk dəfə Gürcüstanın da elektron xəritəsi daxil edilib. Xəritədə Azərbaycan və Gürcüstan ərazisində mədəni, tarixi obyektlərə rahat şəkildə gedib çıxmağa imkan verən məlumatlar var.
   Qeyd edildi ki, Dünya Turizm Təşkilatının sərgidə ayrıca stendlə çıxış etməsi bu qurumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin mühüm göstəricilərindən biridir.
   Prezident İlham Əliyev “Gilan” turizm şirkətinin stendi ilə də tanış oldu. Bildirildi ki, bu şirkət hazırda Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verən “Gilan” MMC-yə məxsusdur. Diqqətə çatdırıldı ki, “Four seasons Hotel Baku”nun stendi bulvarın yaxınlığında inşa edilən hotelin imkanlarını nümayiş etdirir.
   Prezident sərgidə Dubay stendinə də baxdı. Dövlət başçısına Dubayda Azərbaycan haqqında ingilis və ərəb dillərində nəşr edilən jurnal təqdim edildi. Jurnalda Azərbaycanın turizm imkanları haqqında məlumatlar əksini tapıb.
   Məlumat verildi ki, sərgidə təmsil olunan “Çex turizm” şirkəti Çexiyada jurnalistlər, səyahət agentlikləri və bu sahənin digər mütəxəssisləri ilə təmas quraraq onlar üçün tanışlıq səfərləri təşkil edir.
   Dövlət başçısı Hindistana məxsus stendlə də tanış oldu. Fərqli adət-ənənələrin, vəhşi təbiət və ekosistemlərin heyranedici kaleydoskoplarının yerləşdiyi Hindistan turistləri ən çox cəlb edən ölkələrdəndir.
   Diqqətə çatdırıldı ki, builki sərginin daha bir özəl xüsusiyyəti ondan ibarətdir ki, ekspozisiyanın bir hissəsi sağlamlıq mərkəzləri və sanatoriyalarda istirahətə həsr olunub. Rusiyanın Stavropol diyarının stendində müxtəlif xəstəliklər sahəsində sanatoriya müalicəsi üzrə özünəməxsus metodlarla məşhur olan Yesentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıe vodı kimi kurort-şəhərlərin təklifləri yer almışdı. Sloveniya stendinə baxan dövlət başçısına bu ölkənin kurortları və orada göstərilən xidmətlər barədə məlumat verildi.
   Sərgidə müalicə turizmi istiqamətində fəaliyyət göstərən bir sıra debütantlar da təmsil olunurdu. Onların arasında Litvanın Milli SPA Assosiasiyası da vardı. Bildirildi ki, “AİTF-2012” sərgisində qonaq ölkə qismində Bolqarıstan iştirak edir. Bu ölkəyə məxsus stenddə Bolqarıstanda kurort və müalicəvi istirahətin bütün xüsusiyyətlərindən bəhs edilir.
   Gürcüstanın stendi ilə tanışlıq zamanı bildirildi ki, bu dövlətin Milli Turizm Administrasiyasının məqsədi ölkəni dünya miqyasında turizm məkanı kimi təbliğ etməkdir.
   Bildirildi ki, ardıcıl olaraq 3-cü ildir sərginin tərəfdaş ölkəsi qismində çıxış edən Türkiyə öz milli stendində 16 aparıcı turizm şirkətini təqdim edir.
   Sərgidə dünyanın aparıcı aviaşirkətləri də təmsil olunurdu. Regionun ən böyük aviaşirkəti olan “Azərbaycan Hava Yolları” da sərgidə öz xidmətlərini təqdim edirdi.
   Qeyd olundu ki, “AİTF” sərgisi hər il dünya turizm sənayesinin nümayəndələrini bir araya gətirir və Azərbaycanın müasir turizm infrastrukturu sahəsində nailiyyətlərini nümayiş etdirir. Turizm sənayesinin mütəxəssisləri və qonaqlar bu sərgidə tur-operatorların xüsusi təklifləri ilə tanış olur, turizm marşrutları və əlverişli qiymət təklifləri haqqında məlumat əldə edirlər.
   Qeyd edək ki, “AİTF-2012” sərgisi aprelin 14-də başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar