2-5 dekabr tarixlərində Qazaxıstanın Karaqanda vilayətində “Kuklandiya” IV Beynəlxalq Açıq Kukla Teatrları Festivalı keçirilir.

Karaqanda Akademik Musiqili Komediya Teatrının təşkilatçılığı ilə gerçəkləşən  festivalın məqsədi dünya kuklaçılarını bir araya gətirməklə yeni yaradıcılıq əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə nail olmaq, müasir dünya teatrında kuklaçılıq ənənələrinin yaşadılmasına və inkişafına töhfə verməkdir.

Əsasən Xəzəryanı ölkələri əhatə edən builki festivala 10-a yaxın musiqili komediya və kukla teatrı qatılıb. Tədbirdə ölkəmizi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı təmsil edir.

Kollektiv festivala “Ağ və Qara” tamaşasını aparıb. Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikova, Azərbaycan dilinə tərcümə edəni Dilsuz Mustafayevdir. Kuklaçılarımız dekabrın 3-də səhnəyə çıxacaq.

Azərbaycanlı heyətlə görüşən Karaqanda Akademik Musiqili Komediya Teatrının direktoru, festivalın təşkilat komitəsinin rəhbəri, Qazaxıstanın Əməkdar mədəniyyət işçisi Amantay İbraev kuklaçılarımızın iştirakından məmnunluğunu ifadə edib. Direktor iki ölkə arasında mədəni əlaqələrin, teatr əməkdaşlığının inkişafı üçün bu kimi tədbirlərin əhəmiyyətli olduğunu deyib.