Dekabrın 3-də Ankarada Türkiyə-Azərbaycan dostluq konserti keçirilib. Konsert Türkiyə Prezidenti yanında Kommunikasiya İdarəsi tərəfindən ölkənin Mədəniyyət və Turizm Nazirliyinin və Prezident Administrasiyası Simfonik Orkestrinin dəstəyi ilə təşkil olunub.

Tamaşaçılar arasında Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi, Ankarada yaşayan azərbaycanlılar və türkiyəli sənətsevərlər olub.

Konsertdə Azərbaycanın Xalq artistləri – vokalçı Samir Cəfərov, müğənnilər Gülyaz və Gülyanaq Məmmədovalar, xanəndə Mənsum İbrahimov və onun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu çıxış edib.

Mənsum İbrahimovun “Qarabağ” muğam qrupunun ifasında muğam və xalq mahnıları, Gülyaz və Gülyanaq Məmmədovaların “Qız qalası” ansamblının müşayiəti ilə çıxışları, Samir Cəfərovun ifasında Azərbaycan klassik musiqisinin nümunələri alqışlarla qarşılanıb.

Proqramda "Azərbaycan", "Xudayar təsnifi", "Laçın", "Yaşa Azərbaycan" və digər mahnılar səslənib.

Azərbaycanlı sənətçilərlə yanaşı, tanınmış türkiyəli sənətçilər Şükriye Tutkun və Mustafa Kəsər çıxış ediblər.

İki saat davam edən konsertin tamaşaçıları Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını tərənnüm edən ifaları bəyəndiklərini və belə tədbirlərin davamlı olmasını arzuladıqlarını dilə gətiriblər.

Mehparə Sultanova
Ankara