Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Rusiyanın Əməkdar artisti, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Beynəlxalq müsabiqələr laureatı, tanınmış pianoçu Andrey Diyevin ustad dərsi keçirilib.

Dekabrın 3-də təşkil olunan tədbirin əvvəlində BMA-nın beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru Xalq artisti, professor Yeganə Axundova ustad dərsinin qonaqlarını və iştirakçılarını salamlayaraq A.Diyevi tamaşaçılara təqdim edib.

Rusiyalı pianoçu da öz növbəsində BMA-nın rəhbərliyi və kollektivinə qonaqpərvərliyə görə təşəkkürünü bildirib, musiqi ocağında olmağından məmnunluğunu vurğulayıb.

Ustad dərsində BMA-nın tələbələri – Fidan Rəşidova (I kurs)

Lüdviq van Bethovenin 32 variasiyalar, Ayan Aslanova (II kurs) Robert Şumanın  "Uşaq səhnələri", Rəşad Ağayev (III kurs) L.Bethovenin “Sonata N.27” (l hissə), Nərminə İsmayılova (I kurs magistrant) Sergey Raxmaninovun “Konsert N.2” (l hissə) əsərlərini ifa ediblər.

Sonra A.Diyev gənclərin ifalarını dəyərləndirib, öz bilik və təcrübəsini tələbələrlə bölüşüb, tövsiyələrini verib.