Aydın İsmiyev: ““Eurovision” qonaqlarının necə qarşılanıb yola salınmasından çox şey asılıdır”
   
   “May ayında “Eurovision” mahnı müsabiqəsi ilə bağlı ölkəmizə təşrif buyuracaq qonaqları nəzərə alsaq, deyə bilərik ki, bu il Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq artım olacaq”.
   
   Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev jurnalistlərə açıqlamasında bildirdi. Onun sözlərinə görə, burada birinci şərt “Eurovision” qonaqlarının necə qarşılanıb yola salınmasından asılıdır: «Əgər qonaqlar bizdən razı getsələr, mövsüm ərzində təkrar gələ bilərlər. Üstəlik, öz ölkələrində Azərbaycan haqqında yüksək təəssüratlarını söyləməklə, növbəti ilə ölkəmizə gələn xarici turistlərin sayının artmasına da töhfə verə bilərlər. Hotel biznesi özəl sektor olsa da, Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalara qiymətlərin sabit saxlanılmasını tövsiyə edib. Hazırda ölkədə 178 turizm şirkəti və 312 hotel fəaliyyət göstərir. Hotellərdə yerlərin sayı 11 mindən artıqdır. Bu isə bizə müsabiqə ilə bağlı ölkəmizə gələcək qonaqların yerləşdirilməsində problem olmayacağını deməyə əsas verir. Ümumiyyətlə götürdükdə isə, bu il Azərbaycana gələn turistlərin sayının 2011-ci ildəkindən çox olacağı gözlənilir. Ötən il Azərbaycana 2 milyon əcnəbi gəlib ki, onlardan da 1,8 milyonu turist olub. Son zamanlar Azərbaycana xarici vətəndaşların marağı artıb. Təkcə “Eurovision” müsabiqəsi ilə əlaqədar Azərbaycana 40-dan çox ölkədən qonağın gələcəyi gözlənilir”.
   A.İsmiyevin sözlərinə görə, hazırda əsas narahatlıq hotellərdə xidmətin səviyyəsi ilə bağlıdır. Bu problemi aradan qaldırmaq üçün Mədəniyyət və Turizm Nazirliyi lazım olan bütün vasitələrdən istifadə edir: «Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) ilə birlikdə mehmanxana əməkdaşları üçün hər il mütəmadi olaraq təşkil etdiyimiz treninqlərin sayını artırmışıq. Bu treninqlərə daha çox xidmətin səviyyəsi aşağı olan hotellərin əməkdaşları cəlb edilir. Ötən ay keçirilən treninqlərə 117 nəfər cəlb edilmişdi”.
   Şöbə müdiri qeyd etdi ki, hazırda gündəmdə olan əsas məsələlərdən biri də turizm statistikasının hazırlanması ilə bağlıdır. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda turizm statistikasının təkmilləşdirilməsi məqsədilə Dünya Turizm Təşkilatı ilə seminarların keçirilməsi üçün ikiillik proqram həyata keçirir: “Ötən il iki seminar keçirilib. Bu il də iki seminarın keçirilməsi nəzərdə tutulur. Turizm statistikasının aparılması ilə bağlı problem tək bizim problemimiz deyil. Turizm üzrə inkişaf etmiş bütün ölkələrdə bu problem yaşanır. Məsələn, biz ölkəmizə il ərzində gələn əcnəbi vətəndaşların sayından Azərbaycanda çalışan və oxuyan xaricilərin sayını, diplomatik korpusların əməkdaşlarının sayını çıxırıq. Amma qonşu Türkiyədə bunların hamısı turist hesab edilərək statistikaya daxil edilir. Dünya Turizm Təşkilatının tövsiyəsinə əsasən, hər hansı ölkədə bir gün qalan şəxs turist hesab edilir. Bəzən isə bu məqamı nəzərə almaq mümkün olmur».
   A.İsmiyev «Turizm haqqında» qanun layihəsi ilə bağlı məsələyə də toxundu. Bildirdi ki, layihə ictimaiyyətin müzakirəsinə verildikdən sonra nazirliyə göndərilən rəy və təkliflər ümumiləşdirilərək sənədə əlavə edilib: «Qanun layihəsinin son variantı hazırda tərcümə mərhələsindədir. Sənəd ingilis dilinə tərcümə edildikdən sonra Dünya Turizm Təşkilatına göndəriləcək. Bu nüfuzlu qurumun da tövsiyələri nəzərə alındıqdan sonra layihə yenidən Nazirlər Kabinetinə, sonra isə müzakirə üçün Milli Məclisə təqdim ediləcək».

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar