XX əsr Azərbaycan saz-söz sənətinin ən görkəmli nümayəndələrindən olan ustad aşıq Kamandar Əfəndiyevin (1932-2000) 90 illik yubileyi münasibətilə noyabrın 30-da Xəzər Universitetinin Fikrət Əmirov adına konfrans-konsert mərkəzində tədbir keçirilib.
Xəzər Universiteti və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin aparıcısı, birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu sənətkarın ömür yolu haqqında qısa məlumat verib. Vurğulayıb ki, Borçalıda – Gürcüstanın indiki Marneuli rayonunun Kəpənəkçi kəndində dünyaya gələn aşıq Kamandar fitri istedadı sayəsində bütün Türk dünyasında sevilən sənətkara çevrilib. O, Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb. Doğma yurdunda ev-muzeyi yaradılıb, büstü ucaldılıb.
Xəzər Universitetinin rəhbəri professor Hamlet İsaxanlı çıxışında qeyd edib ki, aşıq Kamandar unudulmaz və əvəzolunmaz sənətkardır: “Bu sözləri təsadüfən qoşa işlətmədim. Bəzən deyirlər ki, əvəzolunmaz insan yoxdur. Mən bu fikirlə qəti razı deyiləm. Hər bir sənət sahəsində əvəzolunmazlar var və aşıq sənətində də Kamandar Əfəndiyevi heç kim əvəz edə bilməz. Aşıq Kamandar öz sənət yolu ilə gedən, özünün məktəbini yaradan bir sənətkar olub”.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı qeyd edib ki, aşıq Kamandar Əfəndiyev bu sənətə sanki sirli bir aləmdən gəlmişdi, sənətdə öz sözünü dedi və sonda yenə də gəldiyi yerə döndü: “Aşıq Kamandar sazın böyük bilicisi idi, böyük ifaçı idi. Nadir hallarda aşıqlar elə saz çala bilir. Yəni həm gözəl oxumaq və gözəl dastan danışmaqla yanaşı, həm də gözəl saz çalmaq hər aşığa qismət olan keyfiyyət deyil. O, çox gözəl saz çalmaqla yanaşı, həm də havalara özünəməxsus əlavələr edirdi. Məsələn, “Turacı” havası üzərində elə gözəl işlədi, elə əlavələr etdi ki, sonunda yeni hava yaratdı və adını da “Fəxri” qoydu. Mən hesab edirəm ki, aşıq Kamandarın musiqi sahəsindəki fəaliyyəti ayrıca tədqiq olunmalıdır”.
Tədbirin bədii hissəsində Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi Çeşmə” folklor qrupu, aşıqlardan Cahangir Sənanoğlu, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Ramin Qarayev, Avdı Musayev, Nəbi Nağıyev, Nazim Bahadıroğlu Şaiq İncəli, Əşrəf Qəriboğlu, İmran Göyçəli, Seymur Laçınlı və Qabil Borçalı müxtəlif aşıq havaları üstündə aşıq Kamandar Əfəndiyevin sözlərini və ona ithaf olunmuş şeirləri oxuyublar. Ustadın nəticələri Mehin və Aylin Qarayeva bacıları babalarının yaradıcılığından bir neçə şeiri səsləndiriblər.