Azərbaycan Milli Xalça Muzeyi “Tanınmış simalarla virtual tur” adlı layihənin təqdimatına hazırlaşır. Layihə muzeyin 55 illiyinə həsr edilib.

Milli Xalça Muzeyindən bildirilib ki, ölkəmizdə ilk dəfə tanınmış media və incəsənət nümayəndələrinin iştirakı ilə ərsəyə gətirilən layihədə muzeyin tarixi, burada qorunan milli mədəni irs nümunələri və onlarla bağlı maraqlı adət-ənənələrdən bəhs olunur. Layihədə televiziya aparıcıları Dilarə Səlim, Emil Şahzadə, Leyla Quliyeva, Könül Arifqızı, Dəniz Tacəddin, Fariz İlyasov, Tural Əsədov, Şəbnəm Turan və Əməkdar artistlər Nərgiz Kərimova, Oleq Əmirbəyov muzeyin ekspozisiyasını təqdim edirlər.

Layihənin müəllifi Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

Muzeyin “Youtube” səhifəsində yerləşdirilən virtual tur layihəsi surdo-tərcümə ilə müşayiət olunur. Bu layihə respublikamızda muzey işi sahəsində inklüziv proqramların həyata keçirilməsində növbəti addımdır.

Qeyd edək ki, dekabrın 15-nə layihənin təqdimat mərasimi olacaq.