Azərbaycanın təsviri sənət tarixində zaman-zaman böyük rəssamlar yetişmişdir. Onlar öz əsərləri ilə milli mədəniyyətimizi dünyada tanıtmaqla bərabər, özlərindən sonra gələn nəsillərə də sənət yolu açmışlar. Bu gün də sələflərinin sənət işığında uğurlar qazanan, eyni zamanda milli rəssamlığa öz töhfələrini verməyə çalışan gənclərimiz var. Onlardan biri də Rauf Şamilzadədir.
Rauf Sabir oğlu Şamilzadə 1986-cı ildə Bərdə şəhərində dünyaya göz açmışdır. Rəssamlığa böyük maraq göstərdiyini ilk olaraq ailəsi və məktəb müəllimləri fərq edirlər. Daxilində incəsənətə qarşı yaranmış böyük sevgisi sayəsində o, 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olur. Bacarıqlı və istedada sahib olan gənc öncə Vətən qarşısında borcunu yerinə yetirmək üçün təhsilinə ara verir və hərbi xidmətə yollanır.
2006-cı ildə əsgərlikdən qayıdandan sonra isə zərgərlik sənətinə meyil salır. Köhnə “Bakı” univermağında sənətkarlarla çalışmağa başlayır, zərgərliyin incəliklərinə dərindən yiyələnir. Rəssamlıq qabiliyyəti və daim öz üzərində çalışması bu sahədə uğurlarına zəmin olur. Əsasən gümüş materialı ilə işləməyə üstünlük verən Raufun əl işlərini çox bəyənən müəllimləri ona qızılla işləməyi təklif edir. Beş il zərgərlik sahəsində çalışaraq sənətdə püxtələşir. Hazırladığı zərgərlik nümunələri, işlərinin zərifliyi onu tanıdır.
Amma daxilində rəssamlığa olan həvəsi, sevgisi qalmışdı. Yaradıcılığa məhz rəssam kimi davam etmək qərarına gəlir. Özünün də etiraf etdiyi kimi, sənətdəki bu dönüşündə Əməkdar rəssam Vüqar Muradovla tanışlığı mühüm rol oynayır. Raufun çəkdiyi əsərləri bəyənən Vüqar Muradov onu müxtəlif ölkələrdə keçirilən art simpoziumlara dəvət edir. Daha çox kətan üzərində yağlı boya və akril texnikası ilə işləyən rəssam ərsəyə gətirdiyi hər bir işi ilə beynində yaratdığı fikri və izah etmək istədiyi mövzunu aydın şəkildə izləyiciyə çatdıra bilir. Beləcə, əsərlərinin anlaşıqlı olması ilə diqqət çəkir.
Rauf Şamilzadənin ilk uğurlu və peşəkar əsəri 2019-cu ildə kətan üzərində yağlı boya texnikası ilə işlədiyi “Green” adlı tablosu olur. Bu əsərin sənətsevərlər tərəfindən maraqla qarşılanması onu daha da ruhlandırır.
Əsasən isti rəng çalarlarına üstünlük verən rəssamın əsərləri mövzu müxtəlifliyi və fərqli kompozisiyası ilə seçilir. “Gül”, “Meyvələr”, “Balıqlar” əsərləri buna misal ola bilər. Tablolarında öz duyğularını, keçirdiyi dərin hissləri, düşüncələrini əks etdirən müəllifin əsərlərində kəskin ekspressiya, dinamika duyulur. Portret, natürmort, mənzərə janrlı əsərləri rəng duyumu, fərqli yanaşmalı təsvirləri ilə diqqət çəkir.
Rauf Şamilzadənin əsərləri daha çox ekspressionizm və abstrakt üslubun birgə vəhdətindən ibarətdir. Bəzi tablolarında kollajdan da uğurla istifadə edir. Natürmort janrında əsərlərindən “Qarpız dilimi”, “Yemiş dilimi”, “Yasəmənlər”, “Kaktus”, “Fincandakı güllər”, “Qurudulmuş balıq” kimi əsərlərini, portret janrında “Boz gəlin”, “Qoca”, “Pianoçu”, “Kloun” əsərləri, mənzərə janrlı “Su altındakı ev”, “Balıqçının evi”, “Göl kənarında evlər”, “Ağaclıq”, mürəkkəb və fərqli kompozisiyalı nümunələrdən “Pişiklərin şahı”, “Zaman maşını”, “Oğurluq”, “Abstrakt”, “Narşərab”, “Seçim” əsərlərini misal göstərmək olar.
Gənc rəssama əsas ilham qaynağı isə sevdiyi sənətkarların yaratdığı əsərlərlə əldə etdikləri yeniliklər və böyük uğurlardır. Yaradıcılığına heyranlıqla yanaşdığı və nümunə kimi götürdüyü rəssamlardan biri kimi üslubunu çox sevdiyi Anar Hüseynzadəni qeyd etmək olar.
Rauf qısa zamanda bir sıra sərgi və simpoziumlara da dəvətlər alır. Son iki ildə 5-ci və 6-cı “ART ZONE” simpoziumlarında, xeyriyyə məqsədilə keçirilən müxtəlif sərgilərdə, həmçinin Ukrayna uşaqlarına dəstək, YAŞAT Fondunun təşkilatçılığı ilə “Qayıdış” adlı layihələrdə, Əzim Əzimzadənin Ev-Muzeyində, “Suraxanı” gəmi-muzeyində keçirilən sərgilərdə uğurla iştirak edir. Həm özü, həm də əsərlərinə tamaşa edən sənətsevərlər üçün insan ruhunu qidalandıran tablolar yaradan gənc rəssamın əsərləri müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.
Ziyarət Cabarova
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi