“Conatan” dünyanın quruda yaşayan və təxmini yaşı məlum olan ən uzunömürlü canlısıdır. Tısbağa Atlantik okeanında Britaniya ərazisi olan Müqəddəs Yelena adasında yaşayır. Dekabr ayında adanın sakinləri “Conatan”ın 190 yaşını qeyd edirlər.

Tısbağaya qulluq edən təqaüdçü baytar Co Hollins bildirib ki, tısbağa 1882-ci ildən Müqəddəs Yelena adasında yaşayır. O qeyd edib ki, tısbağanın dəqiq yaşı bilinməsə də, 140 il əvvəl adaya gətirilən zaman çəkilmiş şəkillərə görə həmin vaxt onun ən azı 50 yaşında olduğunu söyləmək mümkündür.

Qeyd edək ki, bu il “Conatan” dünyanın quruda yaşayan ən uzunömürlü canlısı kimi “Ginnesin rekordlar kitabı”na salınıb. Onun sayəsində adını tarixdən bildiyimiz Müqəddəs Yelena adası bu günlərdə yenidən dünya mediasında xəbər mövzusuna çevrilib.

Xatırladaq ki, Atlantik okeanında Afrika qitəsindən 2800 km qərbdə yerləşən bu ada Fransa imperatoru Napoleon Bonapartın ömrünün son illərini yaşadığı məkan kimi dünyada tanınıb. Bonapart Avropa müharibələrində məğlubiyyətindən və hakimiyyətinin tam süquta uğramasından sonra, 1816-cı ildə Müqəddəs Yelena adasına sürgün edilmiş və 1821-ci ildə burada ölmüşdü.

Süveyş kanalı tikilənə qədər bu ada Hind okeanına üzən gəmilər üçün dayanacaq məntəqəsi kimi mühüm əhəmiyyət daşıyıb. Adada Bonapartın sürgündə olan zaman yaşadığı iki ev və dəfn olunduğu yer Fransaya aid tarixi  abidə kimi qorunur.

V.Kamal