Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 aprel 2012-ci il tarixli sərəncamı ilə turizm sahəsində səmərəli fəaliyyətlərinə görə Aleksandr Balaşevic Quliyev, Fikrət Lütvəli oğlu Nuriyev və Sabir Hilal oğlu Rəhimov “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunublar. Ölkəmizin turizm sektorunda çalışan və uzun illər əmək sərf edən bu insanları oxucularımıza yaxından tanıtmaq istərdik.
   
   Nuriyev Fikrət Lütvəli oğlu 1949-cu ildə anadan olub. 1972-ci ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1972-1977-ci illərdə Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) polimerlər və monomerlər kimyası kafedrasının problemlər laboratoriyasında mühəndis vəzifəsində çalışıb, BDU-nun xarici əlaqələr şöbəsinin müdiri işləyib (1977-1979).
   1979-1981-ci illərdə Bakı Səyahətlər və Ekskursiyalar Bürosunda şöbə müdiri olub. Sonrakı illərdə Bakı Soyuducular Zavodunda mühəndis-texnoloq, Ümumittifaq Qaz Sənayesi Elmi-Tədqiqatlar İnstitutunda sex rəisi və təcrübi-eksperimental istehsalatının rəis müavini işləyib.
   Daha sonra “Dinamo” Respublika Şurasının idman kombinatının direktoru (1987-1989), Azərbaycan KP MK-da işlər idarəsinin təsərrüfat şöbəsinin müdiri (1989-1990), Bakı Şəhər Nəsimi Rayon Xalq Nəzarəti Komitəsinin sədri (1990) vəzifələrində çalışıb. 1990-cı ildən AHİK-in Respublika Turizm və Ekskursiyalar Şurasının sədri vəzifəsində çalışır.
   1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. Respublikanın ictimai-sosial həyatındakı xidmətlərinə görə 2007-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. 
   
   Sabir Hilal oğlu Rəhimov 1941-ci ildə Bakıda doğulub. Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirib. Tələbəlik illərindən taleyini turizm sahəsi ilə bağlayan Sabir müəllim uzun müddət Respublika İdman Turizmi Federasiyasının sədri olub. 1977-ci ildən indiyədək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini vəzifəsində çalışır.
   Turizm sahəsində təcrübəli mütəxəssis kimi tanınan Sabir Rəhimov elmi və elmi-pedaqoji fəaliyyətlə də məşğul olur. 1998-ci ildən Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində turizm fənnindən dərs deyir. Dərslik və dərs vəsaiti kimi istifadə edilən beş kitabın, bir neçə fənn proqramının müəllifidir. Bu nəşrlər içərisində «Beynəlxalq turizmin coğrafiyası», «Turizm-ekskursiya işinin təşkili» və ötən il «Mədəniyyət» qəzetinin layihəsi əsasında çap edilən «Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti» kitabları xüsusi yer tutur. Adıçəkilən vəsaitlər Azərbaycan dilində turizmə aid ilk irihəcmli, sanballı nəşrlərdir.
   S.Rəhimov 2001-ci ildə Azərbaycan Respublikasının «Fəxri bədən tərbiyəsi və idman işçisi» fəxri adına layiq görülüb. 2007-ci ildə respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif olunub. 2010-cu ildə turizm tədrisinin inkişafına verdiyi şəxsi töhfəyə görə 1-ci Milli Turizm Müsabiqəsinin mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin turizm bələdçiləri və tərcüməçi-gidlərin Attestasiya Komissiyasının üzvü, Azərbaycan Milli Ensiklopediyasının turizm üzrə məsləhətçisidir. 
   
   Quliyev Aleksandr Balaşevic 1952-ci ildə anadan olub. D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb. 1968-ci ildə əmək fəaliyyətinə başlayıb. 1975-ci ildən indiyədək turizm sahəsində müxtəlif vəzifələrdə çalışıb. 1975-1976-cı illərdə Bakı Turizm Bazasında təlimatçı, 1976-1978-ci illərdə ”İnturist” mehmanxanasında evakuator, Azərbaycan Respublikası Turizm və Ekskursiya Şurasında təlimatçı-metodist (1978-1982), Respublika Turizm və Ekskursiya Şurasında baş təlimatçı (1982-1988), şöbə müdiri (1988-1990), daha sonra isə sədr müavini vəzifəsində işləyib.
   1993-cü ildən «İmpotex Travel» şirkətində direktor işləyib, 2004-cü ildən şirkətin baş direktorudur. Azərbaycan Turizm Assosiasiyası sədrinin müavinidir.
   2001 və 2003-cü illərdə “Humay” mükafatına, 2004-cü ildə turizm sahəsində uğurlara görə “Uğur” milli mükafatına layiq görülüb. 2005-ci ildə turizm sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən Fəxri fərmanla təltif edilib.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar