“Müqəddəs torpağa yol” marşrutunun uzunluğu 21 min kilometr, müddəti 63 gündür
   
   Ötən həftə Bakıda keçirilən “AİTF-2012” beynəlxalq turizm və səyahətlər sərgisi ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri üçün yeni layihələrin təqdimatı, əməkdaşlıq müqavilələrinin başlanması baxımından əlamətdar fürsət oldu.
   
   “Millennium Tourism&Congress DMC” şirkəti də sərgi çərçivəsində xarici tərəfdaşları ilə işgüzar əlaqələrini genişləndirməklə yanaşı, yeni beynəlxalq turizm marşrutu ilə bağlı təşəbbüsə də qoşulub. Bu barədə məlumat verən şirkətin baş direktoru Ruslan Quliyev öncə AİTF sərgisinin əhəmiyyətini vurğuladı: “Sərginin əhatə coğrafiyası ildən-ilə genişlənir. Bu il ənənəvi iştirakçılarla bərabər, Sloveniya, Xorvatiya, Vyetnam kimi yeni ölkələr də təmsil olunurdu. Sərginin daha bir özəlliyi xaricdən gələn ziyarətçilərin sayının çox olması idi. Ümumiyyətlə, turizm sektorunun inkişafında belə sərgilərin böyük əhəmiyyəti var. Biz bu məsələdə artıq kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçmişik. Belə ki, sərginin davam etdiyi üç gün ərzində müxtəlif təşkilat və şirkətlər arasında 30-a yaxın sənəd imzalandı”.
   R.Quliyev Bakıya gələn şirkətlər arasında “Millennium Tourism”in müxtəlif sərgilərdə əməkdaşlıq müqaviləsi imzaladığı tərəfdaşlarının olduğunu da dedi: “Türkiyədə keçirilən EMİTT sərgisində imzaladığımız müqaviləyə uyğun olaraq, «Word Travel Chanel» televiziya kanalının nümayəndələri Bakıya gəlmişdi. Kanal dünyanın 100-ə yaxın ölkəsində yayımlanır. Qonaqlar mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdülər. Kanalda Azərbaycan turizminin təbliği, ölkəmizdə fəaliyyət göstərən hotellərdə kanalın yayınlanması barədə söhbətlər oldu. Bundan başqa, bizim dəvətimizlə Gürcüstandan, Şimali Kiprdən, Tunisdən, Sloveniyadan qonaqlar da gəlmişdi”.
   R.Quliyev sərgidə Malayziya şirkəti ilə bağlanan müqavilədən də söz açdı: “Müqaviləyə əsasən, “Müqəddəs torpağa yol” («Kembara Bumicuci») adlı beynəlxalq turizm marşrutuna qoşulacağıq. Mayın sonunda başlanacaq tur dünyanın müxtəlif ölkələrindəki müqəddəs yerləri əhatə edəcək. Avto-moto tur şəklində reallaşdırılacaq tur Malayziyanın Kuala-Lumpur şəhərindən start götürəcək. Marşrutun uzunluğu 21 min kilometr, müddəti 63 gündür. O, Malayziya, Laos, Tailand, Çin, Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanını əhatə edəcək. “Ginnesin rekordlar kitabı”na düşə biləcək turun 4 günü (29 may - 2 iyun) Azərbaycanın tarixi-dini məkanlarına ziyarət təşkil olunacaq. Bu turda iştirak etməkdə məqsədimiz Azərbaycanın dünya turizm bazarına inteqrasiyasına töhfə verməkdir. Dünyanın aparıcı səyahət telekanalları bu tədbiri çəkib yayınlayacaqlar”.
   «Millennium Tourism&Congress DMC»nin indiyə qədər 30-a qədər belə tədbir həyata keçirdiyini deyən həmsöhbətimiz qeyd etdi ki, bu layihələrin başlıca məqsədi Azərbaycanı dünyada tanıtmaqdır.
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar