Xalça Muzeyində fiziki imkanları məhdud şəxslərin əl işlərinin satış-sərgisi

 

Azərbaycan Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış-sərgi keçirildi.

6-8 dekabr tarixlərini əhatə edən sərgi Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərmək məqsədilə təşkil olunmuşdu.

Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova açılış nitqində muzeyin bu sahədə gördüyü işlərdən bəhs etdi. Bildirdi ki, görmə qabiliyyəti məhdud insanlar üçün muzeydə qorunan eksponatlar barədə mətnlər Brayl əlifbası ilə təqdim olunur. Muzeydə, həmçinin xovlu və xovsuz texnologiyanın birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antropomorf təsvirlər olan kiçikölçülü xalça nümunələri də nümayiş etdirilir.

Əlil arabalarının ekspozisiyada maneəsiz hərəkəti üçün lazımi şəraitin yaradıldığını bildirən direktor qeyd etdi ki, 2019-cu ilin əvvəlindən muzeyin birinci mərtəbəsində təqdim edilən eksponatlarla taktil üsulla (toxunaraq hissetmə), həmçinin Azərbaycan və ingilis dillərində xüsusi audioyazı və Brayl şrifti ilə hazırlanan yazılı materiallar vasitəsilə tanış olmaq mümkündür.

MEMİM-in direktoru Səadət Xələfbəyli bildirdi ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların ictimai həyata inteqrasiya olunması üçün dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. MEMİM də bu istiqamətdə bir sıra addımlar atır. Bugünkü sərgi də həyata keçirilən işlərin davamıdır. Vurğulandı ki, Heydər Əliyev Fondunun dəstəyi ilə əlillər üçün xüsusi mərkəzlər tikilir, fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların əmək bazarında yer tutmalarına köməklik göstərilir.

Satış-sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oyma, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsm, bəzək əşyaları, aksesuarlar və s. nümayiş olundu. Layihə çərçivəsində ustad dərsləri və digər proqramlar da təşkil ediləcək.

Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, “Əlilliyi Olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva, “Əlil Qadınlar Cəmiyyəti” İB-nin sədri Məhluqə Rəhimova, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin rəhbəri Arzu Bağırova və digərləri də çıxış etdilər. Bildirildi ki, ölkədə fiziki məhdudiyyətli insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq onlarla ünsiyyətdə olmağa, mənəvi yardım göstərməyə çalışmaq lazımdır.

Tədbirdə sənətkarlar tərəfindən ustad dərsləri və xüsusi internat məktəbi şagirdlərinin çıxışlarından ibarət konsert proqramı təşkil edildi. Fiziki məhdudiyyətli şəxslərin fəaliyyətini əks etdirən videomateriallar maraqla qarşılandı.

L.Azəri