“Bu təşkilatdan qəbul etdiyi konvensiyalara sadiqlik nümayiş etdirməsini gözləyirik”

 

Dekabrın 8-də ADA Universitetində “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, ICOMOS Azərbaycan Milli Komitəsi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konfransın açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini və “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın sədri Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış ediblər.

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə konfrans iştirakçılarını salamlayıb. O, konfrans öncəsi, dekabrın 7-də Ağdam və Füzuliyə səfər edərək Qarabağdakı dağıntıları, yenidənqurma və bərpa işlərini yerində müşahidə edən Fransa, İsrail, Pakistan, Rumıniya, Rusiya, Sloveniya, Türkiyə və Ukraynadan olan iştirakçılara minnətdarlığını bildirib.

Konfransda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın UNESCO-nun mədəniyyət, təhsil, ekologiya, idman və digər sahələr üzrə ümumilikdə 14 Konvensiyasına üzv olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, onlardan ikisi – 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il Dünya İrs Konvensiyası bilavasitə mədəni sərvətlərin qorunması üçün əhəmiyyət kəsb edir. Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu Konvensiyalardan irəli gələn öhdəliklərə sadiq qalır.

Mədəniyyət naziri Anar Kərimov ölkəmizin mədəni irsinin UNESCO-nun müvafiq siyahılarında yer almasından söz açaraq diqqətə çatdırıb ki, bu günlərdə təşkilatın Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na salınıb. İndiyə kimi ümumilikdə Azərbaycanın qeyri-maddi mədəni  irsi ilə bağlı 19 nominasiya UNESCO-da qeydə alınıb. Onlardan 17-si reprezentativ siyahıya,  2-si isə təcili qorunmaya ehtiyacı olan irs nümunəsi kimi siyahıya daxil edilib. Nazir qeyd edib ki, növbəti illərdə Azərbaycanın yeni nominasiyalarının da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına qəbul edilməsi gözlənilir.

Anar Kərimov maddi mədəniyyət abidələri ilə bağlı işğaldan azad olunmuş ərazilərdə aparılan monitorinqdən də bəhs edib. Bildirib ki, indiyədək aparılan monitorinq 864 mədəniyyət obyektini və 411 abidəni əhatə edib. Monitorinqlər zamanı bir çox abidələrin işğal zamanı qəsdən dağıdıldığı, mənimsənildiyi, abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyi aşkarlanıb.

Nazir vurğulayıb ki, UNESCO mədəni sərvətlərin qorunması ilə özünün müvafiq konvensiyalarına sadiqliyini nümayiş etdirməlidir. Təəssüf ki, Azərbaycanın işğal dövründə dağıdılıb talan edilən mədəni irsinə münasibətdə bunu görmürük.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev çıxışı zamanı 2022-ci ildə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 ilinin tamam olduğunu xatırladıb, Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı və fəal üzvü olduğunu qeyd edib. Mahmud Məmməd-Quliyev bu günədək UNESCO-ya Azərbaycan tərəfindən ünvanlanmış çoxsaylı müraciətlərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərə hələ də missiya göndərilmədiyini diqqətə çatdırıb. Nazir müavini xarici ekspert və diplomatların iştirak etdiyi bu konfransda texniki missiyanın göndərilməsi üçün UNESCO-ya çağırış edib.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin inkişafında mədəni irsin əvəzedilməz rol oynadığını nəzərə çatdırıb. O, Dövlət Turizm Agentliyinin təşəbbüs və dəstəyi ilə ICOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiya) Azərbaycan Milli Komitəsinin təsis edildiyini bildirib. O,  ölkədə turizm baxımından əhəmiyyətli 8 qoruğun idarəedilməsi siyasətində Dünya İrs Konvensiyasının müddəalarının da əks olunduğunu deyib.

ICOMOS-un vitse-prezidenti xanım Zeynəb Gül Ünal çıxışında dünyada baş verən münaqişələr fonunda mədəni abidələrin dağıntılara məruz qaldığını vurğulayaraq onların qorunmasında 1954-cü il və 1972-ci il konvensiyalarının icrasının vacibliyini xatırladıb.

UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz TÜRKSOY-a üzv olan ölkələrin qeyri-maddi mədəni irsin qorunmasında birgə həyata keçirdiyi tədbirlərdən bəhs edib, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Açılış mərasimindən sonra konfrans panel sessiyalarla davam edib.

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən sessiyada 1954-cü il Haaqa Konvensiyasının və protokollarının tətbiqindəki müsbət təcrübələr və çətinliklər müzakirə olunub.

Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin rəhbəri Şirin Məlikovanın moderatorluğu ilə təşkil olunan paneldə isə UNESCO konvensiyalarının muzeylərin işinin təkmilləşdirilməsi istiqamətində tətbiqindən bəhs edilib.

ICOMOS Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudovanın moderatorluğu ilə keçirilən son sessiyada Dünya İrs Konvensiyasının 50 illiyi ərəfəsində görüləcək yenidənqurma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Konfransın yekunu olaraq mədəni irsin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərin tətbiqinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyə və təkliflər paketinin hazırlanaraq UNESCO-ya təqdim olunması nəzərdə tutulur.