Dekabrın 9-da Azərbaycan Milli Kitabxanasında Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfrans Bakı Dövlət Universiteti (BDU) və Kastamonu Universitetinin (Türkiyə) birgə təşkilatçılığı ilə gerçəkləşib.

Milli Kitabxananın direktoru Kərim Tahirov son vaxtlar Türkiyə alimləri ilə əlaqələrin genişləndiyini qeyd edib. Bildirib ki, Kastamonu Universitetinin Kitabxanaçılıq fakültəsinin dekanı Hasan Keseroğlunun elmi konfransda iştirak etməsi məmnunluq doğurur. Diqqətə çatdırılıb ki, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi 60 il bundan öncə görkəmli kitabxanaşünas alim, pedaqoq Abuzər Xələfovun təşəbbüsü və rəhbərliyi ilə yaradılıb.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı elmi konfransın açılışının bir gün öncə universitetdə olduğunu diqqətə çatdırıb, fakültənin fəaliyyəti barədə danışıb. “Milli kitabxana bizim güvəndiyimiz, istinad etdiyimiz bir mədəniyyət ocağı olduğunu deyən” Ələmdar Cabbarlı qeyd edib ki, kitabxana BDU-nun məzunlarını hər zaman işlə təmin edib və bu təcrübə digər kitabxanalara da yayılır.

Kastamonu Universitetinin dekanı Hasan Keseroğlu toplantıda iştirak etməkdən məmnunluğunu ifadə edib, birgə təcrübənin gələcəkdə də ümumi işə töhfə verəcəyini söyləyib.

Konfrans çıxışlarla davam edib.

BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayılov “Azərbaycan Milli Kitabxanasının kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə kadr hazırlığında rolu”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslan “Nəşriyyat işi və redaktə ixtisası üzrə kadr hazırlığı: gələcək çağırışlar”, Kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Elçin Əhmədov “Müasir kitabxanaşünaslıqda model anlayışı”, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Sevda Xələfova “İnformasiya resurslarının idarə olunması”, pedaqogika üzrə fəlsəfə doktoru Xuraman Ağayeva “Kitabxana meneceri və informasiya konsultantının vəzifələri” mövzulu məruzələrlə çıxış ediblər.

Milli Kitabxananın elmi işlər və kitabxana informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanasında istifadəçilərə virtual kitabxana-informasiya xidməti” başlıqlı məruzə-təqdimat edib.

Sonda Milli Kitabxananın direktoru Kərim Tahirov fakültə rəhbərliyinə və professor Hasan Keseroğluna kitabxananın son nəşrlərini təqdim edib.

Qonaqlar Milli Kitabxanada yaradılan “Heydər Əliyev” guşəsində Ulu öndərin kitabxanaya hədiyyə etdiyi kitablarla tanış olublar.