Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib.

Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında təqdim edilən tamaşa Xalq yazıları İlyas Əfəndiyevin “Qarabağnamə” pyesi və Elçinin “Baş” romanı əsasında hazırlanıb.

Tamaşadan əvvəl çıxış edən səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Bakı Bələdiyyə Teatrı haqqında, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun teatra göstərdiyi dəstək, eləcə də XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən olan İlyas Əfəndiyevin və Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında danışıb.

“Qarabağnamə” pyesi XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən istilaya məruz qalması mövzusuna həsr olunub. Elçinin “Baş” romanındakı hadisələr də XIX əsrin ilk onilliyində, Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir.

Rejissor bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi və Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunan tamaşanın əsas ideyası uzun illər boyu başına müsibətlər gəlməsinə baxmayaraq, Azərbaycanın bütün bu çətinliklərdən mərd-mərdanə çıxmasını nümayiş etdirməkdir.

Çar Rusiyasının generalı Sisianovun XIX əsrin əvvəlinəf Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışılan və Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edilən tamaşada Azərbaycan xanlıqlarının, əslində, müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çatdırılır.

“Şuşada ürəyim qaldı” tamaşasında Vətən naminə məhəbbətindən əl çəkən Ağabəyim ağanın Vətən həsrəti ilə yazıb-yaratması, o gözəl Qarabağı unutmaması xüsusilə vurğulanır. Ömrünün sonuna kimi Vətən həsrəti çəkən Ağabəyim ağanın bir çox şeirləri həm İranda, həm də doğma Vətənində dildən-dilə keçərək yaşayıb.

Bursada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə nümayiş olunan tamaşanın musiqi tərtibatçısı Xalq artisti Eldar Mansurov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Nümayişdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Bakı Bələdiyyə Teatrının yaradıcı heyətinə hədiyyə təqdim edilib.

Baş rejissor Mərahim Fərzəlibəyov da Günay Əfəndiyevaya və TÜRKSOY-un baş katibi Sultan Raevə teatr adından hədiyyələr təqdim edib.