Dekabrın 9-da TÜRKSOY-un 2022-ci il “Bursa – Türk dünyasının mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirilib.

Mərasimdə “mədəniyyət paytaxtı”nın simvolu Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova təqdim edilib.

TÜRKSOY-un baş katibi Sultan Rayev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər Bələdiyyə başqanı çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni Şuşanın 2023-cü ildə “Türk dövlətlərinin mədəniyyət paytaxtı" elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırıblar.

Bir il boyunca “Türk dünyasının mədəniyyət paytaxtı” adını layiqincə daşıdığımız üçün qürurluyuq. 2021-ci ildə aldığımız bu əmanəti indi “Bir millət, iki dövlət” bildiyimiz can Azərbaycana, qardaş və dost ölkəyə təhvil veririk. Təbii ki, Şuşa hər birimiz üçün xüsusi məna kəsb edən bir məkandır.

Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş bu sözlləri Azərbaycan mediasına müsahibəsində bildirib.

Bələdiyyə başqanı deyib: ““Türk dünyasının mədəniyyət paytaxtı” estafetini xüsusilə, Qarabağ Zəfərinin vacib bir dönüm nöqtəsi olan Şuşa şəhərinə təhvil vermək bizim üçün ayrı bir xoşbəxtlikdir. Bu bir il boyu müxtəlif tədbirlər həyata keçirdik. Türk dünyasının iş adamları, turizm, idman sahələrini, milli mətbəxini, musiqiçilərini, yazıçılarını birləşdirdik. İki gündür Şuşa ilə bağlı müxtəlif tədbirlər keçirdik. Əminəm ki, bursalılar indi Şuşanı daha yaxından tanıyır. Dövlət başçılarımız və ölkələrimiz arasında həqiqi, dərin, qədim dostluq və qardaşlıq münasibətləri var. Onsuz da bizim xalqımızın hər bir fərdində Azərbaycana xüsusi sevgi var idi. Bu tədbirlərdən sonra onların da Azərbaycana, Şuşaya maraqlarının artacağı və oranı ziyarət etmək istəyəcəklərindən əminəm. Bursa Böyükşəhər Bələdiyyəsi olaraq hər zaman Azərbaycanın, Şuşanın yanındayıq və hər bir dəstəyi göstərməyə hazırıq. Bu yolda Şuşaya uğurlar arzu edirəm”.