Dekabrın 12-də Hüseyn Cavidin Ev-Muzeyində Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü münasibətilə anım tədbiri keçirilib. Öncə tədbir iştirakçıları görkəmli dövlət xadiminin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Muzeyin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı bildirib ki, Ümummilli lider möhtəşəm siyasi fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat xadimlərinin xatirəsinin əbədiləşdirilməsi, klassiklərin yubileylərinin keçirilməsi, ev-muzeylərinin yaradılması, əsərlərinin nəşri, yaradıcılıqlarının təbliği istiqamətində böyük işlər görüb. Direktor diqqəti Ulu öndərin Hüseyn Cavid şəxsiyyətinə və yaradıcılığına xüsusi önəm verdiyinə yönəldərək qeyd edib ki, Cavidin əsərlərinin təbliği, xatirəsinin əbədiləşdirməsi Heydər Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində mümkün olub. Qeyd edilib ki, Ulu öndərin səyi nəticəsində şairin nəşi Sibirdən Vətəninə gətirilib, Bakıda və Naxçıvanda ev-muzeyləri yaradılıb, məzarı üzərində məqbərəsi ucaldılıb.

Vurğulanıb ki, Prezident İlham Əliyevin 24 sentyabr 2022-ci il tarixli “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamı da dahi şairin irsinə diqqətin davam etdiyinin göstəricisidir.

Digər çıxış edənlər muzeyin fondunda böyük qayğı və məhəbbətlə mühafizə olunan Ulu öndərlə bağlı eksponatlardan, burada yaradılan Heydər Əliyev guşəsindən, muzey tərəfindən nəşrə hazırlanan kitablardan, o cümlədən G.Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasından danışıblar.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasında təşkil olunan Heydər Əliyevə həsr olunan nəşrlərdən ibarət sərgiyə baxıblar.