Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti, tanınmış mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Akademiyanın orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayev tədbiri açaraq iştirakçıları salamlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkə həyatının bütün sahələrinə, o cümlədən mədəniyyət sahəsinə diqqət və qayğısından danışıb.

BXA-nın rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə Ümummilli liderin mədəniyyət sahəsinin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb: "Xalqımız Ulu öndərin Azərbaycan dövləti qarşısında göstərdiyi xidmətləri hər zaman ehtiramla yad edir. Ümummilli liderimiz deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Ona görə də Ulu öndərin hakimiyyət illərində Azərbaycan mədəniyyətinin inkişafı diqqət mərkəzində olub".

Sonra Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən BXA-nın xarici əlaqələr üzrə prorektoru Təranə Muradova, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Bakı Musiqi Akademiyasının elmi tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru Gülnaz Abdullazadə, Xalq artisti, bəstəkar Faiq Sücəddinov, BXA-nın Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan xalqının ictimai-siyasi həyatında, eləcə də elm və incəsənət nümayəndələrinə göstərdiyi əvəzolunmaz qayğıdan geniş söz açıblar. Qeyd olunub ki, bu gün Ulu öndərin siyasi kursunu onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir.

Tədbirin sonunda Əməkdar artist İlham Nəzərov tərəfindən M.Maqomayevin “Azərbaycan” mahnısı və Xalq artisti Faiq Sücəddinovun bəstələdiyi “Heydər Əliyev – 100 yaş” musiqi kompozisiyası səsləndirilib. Anım tədbiri “Sən elə bir zirvəsən” mahnısı ilə yekunlaşıb.