“B2B Travel Workshop” maraqlı görüşlərlə yadda qaldı
Aprelin 20-də «Kempinski Badamdar» hotelində Böyük Britaniyanın «TMI Consultancy» və Azərbaycanda fəaliyyət göstərən «Travel Trade Marketing» şirkətinin birgə təşkilatçılığı ilə «B2B Travel Workshop» (“Səyahət emalatxanası”) adlı tədbir keçirildi.
Tədbirdə dünyanın 14 ölkəsində «de Luxe» kateqoriyası üzrə 42 hoteli birləşdirən «Ars Vitae» şirkəti, Yunanıstanın «Helios Hotels» hotellər şəbəkəsi, İtaliyanın lüks hotellər qrupuna aid olan «Due Torri», Çernoqoriyanın «Montenegro Stars Hotel Group» kompaniyası, dünyada kruiz gəzintiləri üzrə aparıcı şirkət olan «Silverseas», Dubayı təmsil edən «Connect World Tours», Türkiyədən «Planet İstanbul» şirkətlərinin və Filippinin Turizm İdarəsinin mütəxəssisləri Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri ilə əməkdaşlıq məsələlərini müzakirə etdilər.
Qeyd edək ki, tədbirin özəl cəhətlərindən biri bu idi ki, «B2B Travel Workshop» görüşü yerli və xarici şirkətlərin nümayəndələri arasında xüsusi marketinq sorğularından sonra baş tutmuşdu. Görüşdə ölkəmizin 24 turizm şirkətinin əməkdaşı iştirak edirdi.
Tədbirdə öncə BMT-nin Azərbaycanda turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov ölkəmizin turizm potensialı haqqında geniş təqdimat etdi. Sonra görüşlər müxtəlif sessiyalar üzrə davam etdirildi.
«TMI Consultancy» şirkətinin müştərilərlə iş üzrə meneceri Mariya Qorbaçovanın sözlərinə görə, gün ərzində Azərbaycan şirkətlərinin nümayəndələri ilə iki sessiya üzrə görüşlər (hər sessiyada 6 görüş olmaqla) keçirilib: “Biz bu layihəni Azərbaycanda ilk dəfə həyata keçiririk. Ötən il belə bir tədbiri Almatıda təşkil etmişdik. “Workshop”da iştirak edən xarici şirkətlərin hər biri geniş fəaliyyət imkanları olan müəssisələrdir. Onlar Azərbaycanın turizm şirkətləri və hotelləri ilə əməkdaşlıqda maraqlıdırlar. Tədbirin məqsədi də bu turizm müəssisələrinin Azərbaycanın turizm bazarına daxil olmasına kömək etməkdir. Çünki ölkənizdə turizm sahəsi gündən-günə inkişaf edir. Azərbaycanlılar səyahət etməyi çox sevirlər. Təbii ki, onlar istirahət üçün xidmətin səviyyəsi yüksək olan ölkələri seçmək istəyirlər. Biz də onlara bu seçimdə kömək etmək istəyirik. Azərbaycanın turizm şirkətləri xarici tərəfdaşlarla əməkdaşlıqda maraqlıdırlar. Ona görə də növbəti illərdə də layihəmizi Bakıda davam etdirmək niyyətindəyik».
“Planet İstanbul» şirkətinin marketinq meneceri Yasemen Kazan belə görüşlərin yeni əməkdaşlıq əlaqələrinin yaranması üçün əlverişli olduğunu vurğuladı: “İtaliya, Rusiya, İsveçrə kimi ölkələrdə bu tipli tədbirlərdə həmişə iştirak edirik. Azərbaycana ilk dəfədir gəlmişik. Bakı çox gözəl və müasir şəhərdir. Zənnimcə, sizin şirkətlərlə əməkdaşlıq qarşılıqlı faydalı olacaq”.
«İmprotex Travel» şirkətinin xarici turizm üzrə satış şöbəsinin müdiri Xəlil İsmayılov tədbir çərçivəsində 7 xarici şirkətin təmsilçisi ilə əməkdaşlıq məsələlərini müzakirə etdiklərini bildirdi: “Bu tipli tədbirlər ilk növbədə Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Tədbir çərçivəsində gələn qonaqlar turist kimi Bakını gəzirlər, müxtəlif məlumatlar alırlar. Bunların hamısı ölkəmizin turizm imkanlarının təbliği deməkdir”.
«Dərviş Travel» şirkətinin xarici turizm üzrə meneceri Elnur Əliyev isə “workshop”da görüşdükləri xarici şirkət nümayəndələri ilə əməkdaşlıq təkliflərini müzakirə etdiklərini dedi.
«Millennium» turizm şirkətinin əməkdaşı Yuliya Konoplyenko isə tədbiri Azərbaycanda lüks turizminin inkişafının göstəricisi hesab etdiyini bildirdi. Onun fikrincə, görüşdə iştirak edən xarici şirkətlərin əksəriyyəti fəaliyyətini bu turizm istiqaməti üzrə qurub: “Tədbirdə təmsil olunan lüks hotellərə azərbaycanlı turistlər böyük maraq göstərirlər. Bundan başqa, Azərbaycan vətəndaşlarını SPA mərkəzləri də cəlb edir. Ona görə də bu kateqoriyalı məkanlarla əməkdaşlıq bizim üçün çox faydalıdır”.
Fəxriyyə Abdullayeva