Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə 2 nömrəli Uşaq musiqi məktəbində kamança ixtisası üzrə açıq dərs keçirildi. Dekabrın 12-də reallaşan dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif  Əsədullayev apardı.

Ustad sənətkarlar tərəfindən elmi tədqiqat laboratoriyasında açıq dərslərin keçirilməsi artıq bir ənənə halını alıb. Belə ki, bu açıq dərslər Xalq artistləri Ramiz Quliyev, Zümrüd Məmmədova, professor Arif Əsədullayev tərəfindən yüksək səviyyədə həyata keçirilib. Açıq dərslər Bakı ilə yanaşı, bir sıra rayonlarımızın da bədii təhsil ocaqlarında gerçəkləşib.

Bugünkü açıq dərsdə Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi məktəbinin V sinif şagirdi Nigar Hacıyeva (müəllim – Aynur Məmmədova, konsertmeyster – Aybəniz Vəkilova), 34 nömrəli Musiqi məktəbinin III sinif şagirdi Fəridə Musazadə (müəllim – Aytən Axundova, konsertmeyster – Hicran Lazımova), Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin IV sinif şagirdi Nazənin Məmmədli (müəllim – Şahnaz Muradova, konsertmeyster – Sevinc Kərimova) iştirak edirdilər.           

Açıq dərsdə C.Cahangirovun “Rondo”, S.Ələsgərovun “Tarantella”, P.Bülbüloğlunun “Hicran mahnısı”, F.Əmirovun “Aslanın mahnısı”, A.Gərayın “Vətən nəğməsi” əsərləri səsləndi.

Arif Əsədullayev ifaçıların kamançanı necə tutması, alətin quruluşu, eləcə də tembr, temp, dinamika haqqında məlumat verdi. Sənətkar şagirdlərə özünün kamança aləti üçün nəşr etdiyi kitabları bağışladı.

Fidan Nəsirova-Əhmədova
BMA-nın Elmi tədqiqat laboratoriyasının elmi işçisi