“Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir. Layihə çərçivəsində növbəti təqdimat Şuşanın kitabxanalarına həsr olunub.

Qarabağ ərazisində ilk kitabxana-qiraətxana məhz Şuşada yaradılıb. Şuşa Realnı məktəbinin fransız dili müəllimi Əhməd bəy Ağaoğlu 1896-cı ildə Şuşada müsəlman qiraətxanası adı ilə şuşalılar üçün yeni kitabxana açıb. Bəzi mənbələrdə qiraətxananın 3 il fəaliyyət göstərdiyi və kitab fondunun 500 nüsxəyə çatdığı da bildirilir.

Şuşa əsrlərdən bəri xalqımızın mədəniyyət mərkəzi kimi tanınıb və ilk kitabxana kimi ilk kitab çapı da Şuşada həyata keçirilib. Belə ki, o zaman Şuşada məktəb şəbəkəsinin genişlənməsi dərs kitablarına tələbatı artırmış və bu da öz növbəsində kitab çapını zəruri etmişdi.

Dövrünün tanınmış ziyalılarından Mir Möhsün Nəvvab 1884-cü ilin əvvəlində daşbasma (litoqrafiya) üsulu ilə kitab çap edən mətbəə yaradıb və burada dərs kitablarını, özünün, eləcə də müasirlərinin bir sıra məcmuələrini, dini risalələri nəşr etdirib. Kitab çapı genişləndikcə onların toplandığı və istifadə edilə biləcəyi bir məkana da ehtiyac duyulurdu. Elmin, kitabın, mütaliənin əhəmiyyətini anlayan M.M.Nəvvab 1903-cü ildə Gövhər ağa məscidinin həyətində növbəti kitabxana-qiraətxananı açıb. Hətta mənbələrdə bu kitabxanada onun oğlu Miriş ağanın da çalışması barədə məlumatlar qeyd edilib.

Nəvvabın mətbəəsində işıq üzü görən kitablar Şuşa kitabxanalarında mühafizə edilir və geniş oxucu kütləsinə təqdim olunurdu. Dövrün ədib və ziyalıları, mədəniyyət xadimləri həmin kitabxanalarda toplaşır və elm, təhsil, ədəbiyyat barədə müzakirələr aparırdılar. Beləliklə, Şuşada elmi, mədəni və ədəbi mühit inkişaf edirdi.