Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

295 il əvvəl...

12 dekabr 1727-ci ildə Rusiya ilə Səfəvi dövləti arasında Nabur sülh müqaviləsi imzalanıb. Şamaxı yaxınlığındakı Nabur kəndində (indiki Qobustan rayonunun inzibati vahidi) imzalanan müqaviləyə əsasən, Şirvan bəylərbəyliyinin Cavad, Salyan, Quba əraziləri Rusiyanın nəzarətinə keçib. Bundan öncə bağlanan Peterburq müqaviləsi (12 sentyabr 1723) ilə Səfəvilər Xəzərsahili bölgələri Rusiyaya güzəştə getmişdi.

 

197 il əvvəl...

14 dekabr 1825-ci ildə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqda “Dekabristlər üsyanı” baş verib. Senat meydanında çar I Nikolayın taxta çıxma mərasimi keçirilən gün bir qrup zabitin yaratdığı “Şimal ittifaqı” adlı gizli qurum hərbi çevriliş etmək istəyib. Lakin “dekabristlər”in cəhdi uğursuz oldu, onlar Peterburqun general-qubernatoru Mixail Miloradoviçi öldürsələr də, heç nəyə nail olmadılar. Üsyanın rəhbərləri (beş nəfər) edam edildi, onlarla iştirakçısı isə Sibirə sürgün edildi.

 

176 il əvvəl...

14 dekabr 1846-cı ildə çar I Nikolay Rusiyanın ələ keçirdiyi Cənubi Qafqazın yeni inzibati bölgüsü barədə fərman verib. 1841-ci ildə yaradılmış Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv olunub, onların əvəzində Tiflis, Kutaisi, Dərbənd və Şamaxı quberniyaları yaradılıb. Azərbaycan torpaqları Tiflis, Dərbənd və Şamaxı quberniyaları arasında bölünüb.

 

103 il əvvəl...

14 dekabr 1919-cu ildə Bakıda Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinə həsr olunmuş konfrans işə başlayıb. Dekabrın 21-dək davam edən konfrans nəticəsiz bitib, Zəngəzur daxil olmaqla heç bir məsələdə razılıq əldə olunmayıb.

 

100 il əvvəl...

13 dekabr 1922-ci ildə Azərbaycan, Ermənistan, Gürcüstan nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən I Zaqafqaziya Sovetlər Qurultayında (10-13 dekabr) Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan olunub. “Zaqfederasiya”nın əsası 1922-ci il martın 12-də Rusiyanın təşəbbüsü ilə təsis edilən Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı ilə qoyulmuşdu. Qurultayda federasiyanın Tiflisdə yerləşəcək rəhbər orqanı – Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (sədr N.Nərimanov) seçilib. ZSFSR-in yaranması ilə Azərbaycan SSR formal müstəqillikdən də məhrum oldu. Dekabrın 30-da ZSFSR, RSFSR, Ukrayna SSR və Belarusiya SSR ittifaq dövlətini – SSRİ-ni təsis etdilər. “Zaqfederasiya” 1936-cı ilədək mövcud oldu və həmin il üç respublika SSRİ-nin müttəfiq subyektinə çevrildi.

 

77 il əvvəl...

12 dekabr 1945-ci ildə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında milli-azadlıq hərəkatının zəfəri olaraq Milli Hökumət qurulub. Tarixə 21 Azər (12 dekabr) Hərəkatı kimi düşən Milli Hökumətin ömrü bir il oldu.  Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi Milli Hökumət üzərinə hücuma keçdi və o, 1946-cı il dekabrında süqut etdi. Şimali Azərbaycana mühacirət edən Pişəvəri 1947-ci ilin iyununda müəmmalı avtomobil qəzasında həlak oldu.

 

62 il əvvəl...

14 dekabr 1960-cı ildə BMT-nin Baş Assambleyası “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında” qətnamə qəbul edib. Qətnamə Afrika və Cənubi-Şərqi Asiyada müstəmləkəçilik əleyhinə mübarizənin qızğın çağında qəbul edilmişdi. Tarixə “Afrika ili” kimi düşən 1960-cı ildə qitənin əksər ölkələri müstəqilliyini elan etdi.

 

31 il əvvəl...

13 dekabr 1991-ci ildə Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyıb. Bu, Azərbaycanın müstəqilliyini tanıyan üçüncü (Türkiyə və Rumıniyadan sonra) dövlət idi. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da quruldu.

 

23 il əvvəl...

12 dekabr 1999-cu ildə Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilib. Seçkilər nəticəsində ölkə üzrə 2660-dək bələdiyyə formalaşdı.

 

19 il əvvəl...

12 dekabr 2003-cü ildə Azərbaycan xalqının Ümummilli lideri, eks-prezident Heydər Əliyev ABŞ-nin Klivlend Klinikasında uzun sürən xəstəlikdən sonra vəfat edib. Heydər Əliyevin vəfatı ilə bağlı Azərbaycanda 7 günlük matəm elan olunub.

Hazırladı: V.ORXAN