Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri memarların üzərinə də mühüm vəzifələr qoyur

 

Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması – Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür.

Bu sözlər Prezident İlham Əliyevin Azərbaycan Memarlar İttifaqının (AMİ) XX qurultayına ünvanladığı məktubunda vurğulanıb.

Məktubda qeyd olunur ki, çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri yaradılıb. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərib.

Dövlət başçısı Azərbaycan memarlarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

AMİ-nin XX qurultayı dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində keçirilib.

Əvvəlcə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarın önünə əklil və gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Tədbirdən əvvəl iştirakçılar və qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində təşkil olunmuş “Azərbaycan memarlarının nailiyyətləri” sərgisi ilə tanış olublar.

Qurultayın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə açılış sözündə memarlıq sənətinin inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolunu qeyd edib.

Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı məktubunu oxuyub.

Mədəniyyət naziri Anar Kərimov qurultayda çıxış edib. Anar Kərimov Mədəniyyət Nazirliyinin Memarlar İttifaqı ilə uzun illərdir davam edən səmərəli əməkdaşlığından, tarixi-mədəni abidələrimizin bərpası sahəsində birgə görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, son bir il ərzində ittifaqla bir neçə layihə reallaşıb: “Tarix-memarlıq abidələrinin reyestrinin elektronlaşdırılması məqsədilə ittifaqla işçi qrup çərçivəsində sıx əməkdaşlıq etmişik. Bu ilin iyun ayında Memarlar İttifaqı ilə Ağstafada konfrans keçirildi. Regiondakı abidələrə baxış oldu. Bu ənənənin bundan sonra da davam etdirilməsi planlaşdırılır”.

Nazir əmin olduğunu vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinə memarlarımız da öz töhfələrini verəcəklər: “Həmin ərazilərdə mədəni abidələrimiz və müəssisələrimizin əksəriyyəti dağıdılıb. Burada üzərimizə düşən vəzifə bu abidələri bərpa edərək yeni nəslə ötürməkdir”.

Daha sonra Anar Kərimov AMİ İdarə Heyətinin sədri Elbay Qasımzadəyə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovaya Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə təsis etdiyi xatirə nişanlarını təqdim edib.

Həmçinin memarlıq sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup memara nazirliyin fəxri fərmanları təqdim olunub.

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Ayaz İmaməliyev şəhərin icra başçısı Eldar Əzizovun adından qurultay iştirakçılarını salamlayıb və bir neçə memara İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin və digər rəsmi qonaqların çıxışları dinlənilib.

Qurultayda Beynəlxalq Memarlar İttifaqının prezidenti Xose Luis Kortesin, Rusiya Memarlar İttifaqının prezidenti, MDB ölkələri Memarlar İttifaqları Beynəlxalq Assosiasiyasının prezidenti Nikolay Şumakovun, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin prezidenti, akademik Andrey Bokovun salamları səsləndirilib.

Bir neçə memara AMİ-nin “Akademik Mikayıl Huseynov” xatirə medalı və “Ustad memar” yüksək peşəkarlıq şəhadətnamələri təqdim olunub.

Mükafatlandırma başa çatdıqdan sonra Elbay Qasımzadə 2017-2022-ci illər ərzində AMİ-nin fəaliyyəti barədə hesabatla çıxış edib.

Qeyd olunub ki, hesabat dövründə ittifaqın 24 üzvü fəxri adlara layiq görülüb. AMİ-nin təşəbbüsü, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə iki dəfə (2019, 2021) Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirilib. Eləcə də 2019-cu ildə ilk dəfə olaraq Beynəlxalq Memarlar İttifaqının “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Birinci Memarlıq Forumu Bakıda keçirilib.

Diqqətə çatdırılıb ki, 2022-ci il oktyabrın 8-də ölkə başçısı tərəfindən Bakıda tanınmış memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsinin qoyulması haqqında sərəncam imzalanıb. Bir il öncə AMİ-nin təşəbbüsü və Mədəniyyət Nazirliyinin sifarişi ilə iki ustad memar haqqında “Yaradanlar” sənədli filmi (rejissor Şamil Əliyev) çəkilib.

Qurultayda AMİ-nin Təftiş Komissiyasının hesabatı, ittifaqın Nizamnaməsinin yeni redaksiyası haqqında çıxışda dinlənilib.

Açıq səsvermə yolu ilə Elbay Qasımzadə növbəti 5 il müddətinə AMİ İdarə Heyətinin sədri seçilib.

Növbəti 5 il üçün ittifaqın İdarə Heyətinin, Təftiş Komissiyasının və Ağsaqqallar Şurasının tərkibi gizli səsvermə ilə müəyyən olunub.

 

Sonda Azərbaycan memarlarının XX qurultayının qətnaməsi qəbul edilib. Qurultay nümayəndələrinin Prezident İlham Əliyevə müraciəti oxunub.