BDU-nun Şərqşünaslıq fakültəsinin 100 illiyi
Dekabrın 14-də Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransın açılışında çıxış edən rektor Elçin Babayev Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinin ölkənin ilk ali təhsil ocağı olan BDU üçün əlamətdar olduğunu bildirib. Qeyd edib ki, fakültənin elmi bazasının formalaşmasında Sankt-Peterburq və Kazan universitetlərinin alimlərinin xüsusi xidmətləri olub. Bu sırada keçmiş SSRİ Elmlər Akademiyasının akademikləri Nikolay Marr, İvan Meşşaninov, görkəmli şərqşünas alim Vasili Bartold, şərqşünas – türkoloqlar Aleksandr Samoyloviç, Nikolay Aşmarin, Anastasi Romaşkeviç və Əziz Qubaydulinin adları çəkilə bilər. Bu görkəmli alimlərin yetirmələri Azərbaycan şərqşünaslığını inkişaf etdiriblər.
Rektor diqqətə çatdırıb ki, hazırda fakültədə ərəb, türk, fars dilləri və ədəbiyyatları ilə yanaşı, ibri, urdu, Çin, yapon, Koreya dilləri də tədris olunur. Fakültənin məzunları arasında peşəkar tərcüməçilər, səriştəli diplomatlar, nüfuzlu ictimai-siyasi xadimlərin sayı kifayət qədərdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək Şərqşünaslıq fakültəsinin yetirmələrinin ümumtürk birliyinə verdikləri töhfədən söz açıb, fondun fəaliyyəti haqqında danışıb.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültənin 100 illik tarixindən bəhs edib, yubileyə həsr olunan konfransa 300-ə yaxın məruzə-tezisin təqdim olunduğunu diqqətə çatdırıb.
Tədbirdə daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev, Ankara Universitetinin elmi işlər üzrə prorektoru Mustafa Fənər, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin prorektoru Avazbek Vahidov, Varşava Universiteti Şərqşünaslıq fakültəsinin dekanı professor Pyotr Taraka və başqaları çıxış ediblər.
Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Pakistan, İraq, Polşa, Macarıstandan da tədqiqatçıların qatıldığı beynəlxalq elmi konfrans işini bölmə iclasları ilə davam etdirib.