Dekabrın 13-də Beynəlxalq Muğam Mərkəzində şair, dramaturq, nasir, tərcüməçi Yusif Həsənbəyin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, şairin poeziyasını sevənlər iştirak edirdilər.
Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə AYB-nin sədri Xalq yazıçısı Anar, Milli Məclisin deputatları akademik Nizami Cəfərov, yazıçı Aqil Abbas çıxış edərək şairin yaradıcılığı haqqında fikirlərini bölüşdülər.
Qeyd olundu ki, ruhu hər zaman cavan olan şairin özünəməxsus üslubu, dəst-xətti var. Müəllifin bir sıra şeirlərinə qəlboxşayan musiqilər bəstələnib. Ana dilimizin gözəlliyini tərənnüm edən şair bədii yaradıcılıqla yanaşı, tərcüməçi kimi də fəaliyyət göstərir.
Yusif Həsənbəy tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi, yeni şeirlərini oxudu. Gecədə şairin sözlərinə yazılmış musiqilər səsləndirildi.
Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Quba rayonunda anadan olub. Quba Pedaqoji Texnikumu, Azərbaycan Pedaqoji İnstitutu (indiki ADPU) və Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Azərnəşr”də ədəbi redaktor, “Bakı” qəzetində ədəbi işçi, tərcüməçi işləyib. 1994-cü ildən AYB Quba bölməsinin rəhbəridir.
“Çay dənizə tələsir”, “Unutmaram o günləri”, “İnsan ömrü”, “Məhəbbətli dünyamız”, “İşığın istisi”, “Sualtı döyüşlər” və s. kitabların müəllifi olan Yusif Həsənbəyin “Ayı kürkü” və “Dağlarda işıq” əsərləri əsasında televiziya tamaşaları hazırlanıb. “Sehrli üzük”, “Yıxılanı qaldır” pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulub.
Lalə