Azərbaycanın Çex Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Praqada Nizami Gəncəvinin ədəbi irsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dahi şairin 880 illiyi ilə əlaqədar səfirliyin təşəbbüsü və dəstəyi ilə çex dilində işıq üzü görən Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı təqdim edilib.

Çexiya Mədəniyyət Nazirliyinin, elm, mədəniyyət və təhsil ocaqları nümayəndələrinin, diplomatların, həmvətənlərimizin qatıldığı tədbirdə çıxış edən səfir Adış Məmmədov Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Şair Gəncədə doğulub və bütün ömrünü bu şəhərdə yaşayıb, ərəb və fars dillərini mükəmməl bilib, yunan tarixi və fəlsəfəsi, astronomiya haqqında müfəssəl məlumata malik olub. Vurğulanıb ki, Nizami Gəncəvinin poemaları onlarla dilə tərcümə edilib, Orta əsrlərdən üzü bu yana Şərqin müxtəlif söz ustaları şairin əsərlərinə nəzirə yaradıblar.

Azərbaycan xalqının öz doğma övladının irsinə həmişə hörmətlə yanaşdığını qeyd edən səfir ölkəmizdə Nizaminin adı və irsinin yaşadılması üçün müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyi bildirilib.

Səfir təqdim edilən kitab vasitəsilə Çexiya oxucularının böyük şairin həyat və yaradıcılığı haqqında daha ətraflı məlumatlarla tanış olacağına, habelə bu kitabın akademik dairələrdə də daha çox araşdırmaları təşviq edəcəyinə ümidvar olduğunu bildirib.

Kitab Azərbaycanda çex dili üzrə mütəxəssis Şəbnəm Əsədova tərəfindən tərcümə edilib. Kitabın redaktoru isə tanınmış dilçi-alim Aleksandra Qonçarenkadır.

Tədbirdə digər çıxış edənlər Nizaminin Azərbaycan və dünya ədəbiyyatına verdiyi töhfələrdən danışıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunublar.

Çexiyalı aktyorlar tərəfindən Nizaminin şeirləri qiraət edilib. Gənc xanəndə Günay İmamverdiyevanın rəhbərliyi ilə muğam üçlüyü Nizami irsinə müraciət etmiş Azərbaycan bəstəkarlarının əsərlərini, muğam və təsniflərimizi ifa edib.

Tədbirin sonunda kitabın nüsxələri iştirakçılara paylanılıb.