“Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır”

 

Bu il ikinci dəfə qardaş Türkmənistana səfər edirəm və yenidən burada olmaqdan çox məmnunam. Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir.

Prezident İlham Əliyev bu sözləri dekabrın 14-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyənin Dövlət Başçılarının Birinci Zirvə Görüşündə çıxışı zamanı deyib.

Qeyd edək ki, “Avaza” Milli Turizm Zonasında bir araya gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüşləri olub.

2021-ci ildə Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsinin ikitərəfli münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırdığını, 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandığını diqqətə çatdıran İlham Əliyev bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.

Prezident qeyd edib ki, tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artıb. Hər üç ölkədə nəqliyyat-logistika sahəsinə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmiryolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edərək önəmli tranzit ölkəsinə çevrilib.

“Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmiryolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma qabiliyyətinin hazırkı 15 milyon tondan 25 milyon tona, 2017-ci ildə açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə əlavə sərmayə qoyularaq ötürücülük qabiliyyətinin hazırkı 1 milyondan 5 milyon tona çatdırılması nəzərdə tutulur. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına, 18 yük təyyarəsi ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş ərazilərdə – Füzuli və Zəngilanda istifadəyə verilib. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.

Prezident daha sonra deyib: “2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.

Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır”.

Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini bir daha vurğulayan İlham Əliyev ümidvar olduğunu bildirib ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.

 

Elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq üçün zəmin

 

Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.

Əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib.

Sonra ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş, gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında hökumətlərarası memorandum, energetika və nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı memorandumlar, həmçinin “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı” imzalanıb. Çərçivə proqramını Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurməhəmməd Amannepesov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.

***

Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ayrılıqda görüşləri  olub.

Dövlət başçısının Türkmənistana səfəri dekabrın 14-də başa çatıb.