Dekabrın 15-də Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Xalq rəssamı Səttar Bəhlulzadənin (1909-1974) anadan olmasının 113-cü ildönümü tamam olub.

Həmin gün sənətkarın Əmircan qəsəbəsində yerləşən ev-muzeyində “Səttar Bəhlulzadə fotolarda” adlı fotosərgi keçirilib. Tədbirdə muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovanın “Səttar Bəhlulzadə. Gözəlliyə həsr edilmiş həyat” monoqrafiyasının təqdimatı da olub.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin sektor müdiri Murad Məmmədov və digər qonaqlar iştirak ediblər.

P.Abdinova qonaqları salamlayaraq sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərgidə böyük rəssamın sənətsevərlərə tanış olmayan, əksəriyyəti ilk dəfə nümayiş olunan, sənətkarın ailəsinə məxsus nadir fotolar yer alıb. Fotoların bir qismi Səttar Bəhlulzadənin gənclik dövrünə, Moskvada keçirdiyi tələbəlik illərinə aiddir. Digər nümunələr məşhur Meksika rəssamı David Sikeyros, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi P.Yelistratov, həmkarları Xalq rəssamları Toğrul Nərimanbəyov, Tağı Tağıyev, Kamil Xanlarov, Xalq artisti Gülağa Məmmədov və digər tanınmış şəxsiyyətlərlə birlikdə olan fotolardır.

“Səttar Bəhlulzadə. Gözəlliyə həsr eydilmiş həyat” monoqrafiyasının müəllifi P.Abdinova nəşrin ərsəyə gəlməsi barədə danışıb, kitabın çapına görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, monoqrafiyada Səttar Bəhlulzadənin həyat və yaradıcılığı geniş tədqiq edilib. Nəşrdə həmçinin rəssamın bu vaxta kimi araşdırmaya cəlb olunmayan gündəliklərindəki məlumatların (mətn və rəsmlər) ilk dəfə müəllifin rəngkarlıq və qrafik əsərləri ilə müqayisəli şəkildə təhlili aparılıb.

Tədbirdə “Səttar Bəhlulzadənin yaradıcılığında Qarabağ” mövzusunda videomaterial nümayiş etdirilib.

Sonda qonaqlar S.Bəhlulzadənin fotolarından ibarət sərgi ilə tanış olublar.