“Bakı” Rəsm Qalereyasında “Çəmən ayrısı” adlı sərgi açılıb. Sərgi repressiyaya məruz qalmış şairə Ümgülsüm Sadıqzadənin (1899-1944) xatirəsinə həsr olunub.

Ümgülsüm Sadıqzadə 1899-cu ildə Novxanı kəndində doğulub. Tanınmış yazıçı, repressiya qurbanı Seyid Hüseyn Sadıqzadənin (1887-1938) həyat yoldaşı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı olub. Seyid Hüseyn güllələndikdən sonra həyat yoldaşı da yeddi il sürgün həyatı yaşayır. 1944-cü ildə sürgündən qayıtdıqdan bir neçə ay sonra vəfat edib.

Qalereyanın direktoru Eldəniz Babayev bildirib ki, Ümgülsüm Sadıqzadə faciəli həyat sürüb. O, gənc yaşlarından azadlıq ruhlu şeirlər qələmə alıb. Yaradıcılığının ən bəhrəli dövrü 1918-1920-ci illərə – Cümhuriyyət dövrünə təsadüf edir. Onun ürəyi Azərbaycanla döyünürdü. Şeirlərində xalqımızın milli müstəqilliyə qovuşduğunu tərənnüm edirdi.

Vurğulanıb ki, Ümgülsüm Sadıqzadənin xatirə axşamı Məhəmməd Əmin Rəsulzadənin ədəbi-filoloji irsinin tədqiqatçısı, jurnalist Nəcibə Bağırzadənin sayəsində təşkil edilib.

Tədbirdə çıxış edən M.Ə.Rəsulzadənin nəvəsi, rəssam-pedaqoq Rəis Rəsulzadə iştirakçılara təşəkkürünü bildirib. Qeyd edib ki, Cümhuriyyət dövrünün şairləri Azərbaycan ədəbiyyatında xüsusi yer tuturlar.

Digər çıxış edənlər şairənin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında danışıblar.