“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının müvafiq bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022–2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Sumqayıtdakı Heydər Əliyev Mərkəzində təlim təşkil olunub.

Təlim Mədəniyyət Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Regional idarənin tabe müəssisələrində çalışan əməkdaşların iştirakı ilə keçirilən təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev narkotik vasitələrin zərərləri və ondan qorunmağın yolları ilə bağlı zəruri məlumatları diqqətə çatdırıb, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.