Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində ermənilər tərəfindən təbii sərvətlərin qanunsuz istismarına və aidiyyəti qurumların həmin ərazilərdə monitorinqinə imkan verilməməsinə etiraz olaraq QHT təmsilçiləri və ictimai fəallar dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında, Laçın-Xankəndi yolu üzərində dinc aksiya keçirirlər.

Ötən müddətdə ekoloji aksiya beynəlxalq miqyasda rezonans doğurub. Baxmayaraq ki, ayrı-ayrı ölkələrdə aksiyanın mahiyyətini kobud təhrif edən fikirlər səslənir. Azərbaycan XİN, eləcə də xaricdəki diplomatik korpus və diaspor təşkilatlarımız tərəfindən bu iddialara cavab verilir.

Bu arada Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva dinc aksiya ilə bağlı beynəlxalq qurumlara çağırış edib. Aksiyanın məqsədi diqqətə çatdırılaraq vurğulanır ki, Azərbaycan öz öhdəliklərinə sadiqlik nümayiş etdirir və hər hansı zəruri ehtiyaclar yaranarsa, öz ərazisində yaşayan erməni əsilli sakinlərə kömək göstərilməsinə hazır olduğunu da bəyan edib: “Televiziya kanalları üzərindən birbaşa yayımlardan da aşkar görünür ki, irəli sürülən iddialara baxmayaraq həmin yol açıqdır və ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları dəhliz boyunca təminat yükünü daşıyırlar”.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ekoloji terrora dinc etiraz olan aksiyasının məramını nəzərə çatdıran bəyanat yayıblar. Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycandakı Dağ Yəhudiləri İcması, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakıdakı Avropa Yəhudiləri İcması və Azərbaycandakı Alban-Udi Xristian Dini İcması adından yayılan bəyanatda bu aksiya ilə əlaqədar Ermənistan tərəfinin, o cümlədən erməni din xadimlərinin ictimai fikri yanlış istiqamətdə yönləndirmək cəhdləri pislənilir.