Eldar Aslanov: “Tələbələrin beynəlxalq tədbirlərdə iştirakı onların elmə marağını artırır”
   
   Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetində beynəlxalq tələbə elmi festivalı keçirilib. Tədbirdə ölkəmizi müxtəlif ali təhsil ocaqlarının nümayəndələri, o cümlədən Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru Eldar Aslanovun rəhbərliyi ilə institutun 4 tələbəsi - Ülvi Cəlilov, Sona Qəti, Ağamir Ağamirov və Nahidə Abdullayeva təmsil ediblər.
   
   Eldar Aslanov səfər təəssüratını bizimlə bölüşdü: “Tədbirin formatı ondan ibarət idi ki, tələbələr mövcud bilik və təcrübəyə, texnoloji vasitəyə əsaslanıb cəmiyyət və təbiət üçün faydalı bir yenilik təklif etməli idilər. Bu, maraqlı və yaradıcı yenilik olmaqla bərabər, indiyə qədər tətbiq olunmamış vasitə olmalı idi. Məsələn, fizikanın hər hansı bir qanununu daha sadə üsulla sübut etmək, cəmiyyətin hansısa bir qanunauyğunluğunu simvolik şəkildə ifadə etmək və s. Burada əsas üç məqama - tələbələrin düşünmə və analiz qabiliyyətinə, onların elmi tədqiqatlardan nə qədər məlumatlı olub-olmadıqlarına və natiqlik məharətlərinə fikir verilirdi. Tələbələr öz fikirlərini 7 dəqiqə ərzində dolğun çatdırmalı idilər. Bizim tələbələr də buna uyğun hazırlaşmışdılar.
   İnstitutumuzun turizm və hotelçilik ixtisasının ikinci kurs tələbəsi Ülvi Cəlilov qlobal yanğınlardan mühafizə ilə bağlı yeni texnologiyadan istifadəni təklif etdi. Onun təklifi yeni çiplərin hazırlanması ilə əlaqədar idi. Bu çiplərin yanğına və tüstüyə daha həssas hazırlanması təklif edilirdi. Nəticədə yanğından vaxtında xəbər tutmaq və ona daha tez reaksiya vermək mümkündür. Bu, jürinin ən xoşuna gələn ideya oldu və Ülvi Cəfərov birinci yerə layiq görüldü. Daha iki tələbəmiz isə həvəsləndirici mükafat aldı».
   Tədbirin əhəmiyyətindən danışan prorektor bildirdi ki, tələbələrin belə beynəlxalq elmi festivallarda iştirakı onların elmə marağını artırır: «Biz bir ali məktəb kimi yalnız bazar üçün kadr hazırlamırıq, eyni zamanda ölkəmizdə turizm sahəsində elmi potensialın, elmi tədqiqatların daha da genişlənməsini istəyirik. Ona görə də tələbələrimizin bu tipli festivallarda iştirakını təmin etməkdə əsas məqsədimiz onlarda turizm sahəsində tədqiqatlara həvəsin daha da formalaşması, inkişaf etməsi və güclənməsidir».
   E.Aslanov belə festivalların gələcəkdə ATİ-də də təşkil edilməsinin nəzərdə tutulduğunu bildirdi. Onun sözlərinə görə, festivalda Türkiyə, Şimali Kipr və Azərbaycanın ali məktəblərinin təmsilçiləri belə qərara gəliblər ki, yarışlar davamlı olsun: «Düşünürük ki, bu yarışlar gələcəkdə digər türkdilli ölkələrin universitetlərini də əhatə etsin. Növbəti ildə də bu tədbirin keçirilməsi nəzərdə tutulur. Amma onun harada reallaşması ilə bağlı hələlik bir qərar yoxdur».
   Həmsöhbətimiz onu da bildirdi ki, səfər çərçivəsində Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztoprakla iki ali məktəb arasındakı əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Azərbaycan təmsilçiləri universitetin turizm fakültəsinin təşkil etdiyi ənənəvi turizm şənliklərinə də qatılıblar.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar