Rəssam Fikrət İbrahimlinin 50 illik yaradıcılıq fəaliyyətinə həsr olunan sərgi

 

Muzey Mərkəzinin qalereyasında rəssam Fikrət İbrahimlinin yaradıcılığının 50 illiyinə həsr olunan “Ruhumun təqdimatı – ömür səhifələrim” adlı fərdi sərgisi keçirilir. Dekabrın 16-da açılışı olan sərgi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.

Sərginin açılışında Milli Məclisin Mədəniyyət komitəsinin sədri  Qənirə Paşayeva Fikrət Məmmədlinin sənət dünyasından danışdı, onun yaradıcılığının Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələri üzərində bərqərar olduğunu dedi: “Fikrət İbrahimlinin yaradıcılığı təsviri sənətimizin yeni möcüzələrindəndir. Qoy bu əsərlər evlərimizi bəzəsin və bu addımımızla sənət insanlarımıza dəstək olaq”. 

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri professor Abdulqappar Qırğızboyev Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrindən söz açdı. Rektor Azərbaycanda səfərdə olduğu müddətdə belə bir sərgidə iştirakından məmnunluğunu ifadə edərək rəssama uğurlar arzuladı.

Mədəniyyət Nazirliyi Sərgi və qalereyalar sektorunun müdiri Murad Məmmədov, Daşkənd Dövlət Pedaqoji Universiteti Dünya tarixi kafedrasının professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Xalq rəssamı Ağaəli İbrahimov da çıxış edərək Fikrət İbrahimli əsərlərinin ideya-sənətkarlıq xüsusiyyətlərindən danışdılar.

F.İbrahimli sərginin təşəbbüskarı və təşkilatçılarına, eləcə də qonaqlara təşəkkür etdi.

Neftçala rayonunda dünyaya göz açan F.İbrahimlinin ilk sənət müəllimi həmin rayonda yaxşı tanınan Adil Hacıyev olub. Rəssam ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. O, müəllimi, Xalq rəssamı Toğrul Nərimanbəyovu hər zaman böyük minnətdarlıq hissi ilə xatırlayır. T.Nərimanbəyov “Ulduz” jurnalının 1980-ci il, 10-cu nömrəsində xeyir-dua mahiyyətli yazısında tələbəsi F.İbrahimlinin istedadını yüksək qiymətləndirib. Rəssamın əsərləri ölkəmizdə və xaricdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

F.İbrahimlinin yaradıcılığı əsasən rəngkarlıq nümunələrindən ibarətdir. O, süjetli tablo, portret, mənzərə və natürmort janrında yaradılmış bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır. Fırça ustasının işləri arasında İçərişəhər mövzulu əsərlər ayrıca yer tutur. Qədim şəhərin müxtəlif guşələri rəssam təxəyyülü ilə kətanda öz uğurlu bədii həllini tapıb. Rəşadətli Ordumuzun 44 günlük savaşda göstərdiyi misilsiz qəhrəmanlıq da rəssamın yaradıcılığında müvəffəqiyyətlə təcəssüm olunur. F.İbrahimlinin mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş rəngkarlıq nümunəsi isə ayrıca qeyd olunmağa layiqdir.

Bundan əlavə, Abşeron bağları, üzüm tənəkləri, əncir ağacları, bağ evləri, dəniz mənzərəsi rəssamın palitrasında özünəməxsus duyumla təsvir olunub. Rəssam Azərbaycan nemətlərinin, xüsusən də narların rəsmlərini təsvir etməklə maraqlı natürmort kompozisiyaları yarada bilib. Sənətkarın “Muğam”, “İçərişəhər”, “Neftçala. Limanda”, “Kür qırağında”, “Kür çayı”, “Fatmayı”, “Bağ evi – Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları”, “Nişan. Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”, “Gəlin gətirməyə”, “Toy”, çoxsaylı portret, avtoportret və natürmortları sənətsevərlər tərəfindən maraqla qarşılanır.

Sərgidə F.İbrahimlinin rəngkarlıq və qrafika sahəsində yaratmış olduğu, yaradıcılığının müxtəlif dövrlərinə aid 60-a yaxın əsəri nümayiş olunur. Bir ay müddətində açıq olacaq sərgiyə giriş pulsuzdur.

L.Azəri