Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 21-22 dekabr tarixlərində “Türk dünyası: yeni nəsil” mediaforumu keçirilib.

Tədbirə videokonfrans formatında qatılan Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun çıxışında qeyd edib ki, yeni elektron media və informasiya texnologiyaları həyatımıza girməklə əlaqələrimizi sürətləndirib. Amma eyni zamanda dezinformasiya və qaralama kampaniyaları da ortaya çıxıb ki, bundan da daha çox əziyyət çəkən Türk dünyası olub.

Bu təhdidlərlə mübarizə aparmaq üçün Türk dünyasının daha geniş ortaq fəaliyyətlərinin vacibliyini vurğulayan Fəxrəddin Altun deyib ki, 2022-ci ilin may ayında İstanbulda keçirilmiş Türk Dövlətləri Təşkilatlarının media fəaliyyətlərinə məsul olan qurumların rəhbərlərinin toplantısı da bu məqsədə xidmət edib.

F.Altun Türk dünyasının bu istiqamətdə birgə fəaliyyətləri, təcrübələri bölüşməklə qarşıdakı maneələri dəf edəcəyinə inandığını bildirib: “Bu xüsusda Türk dünyası yeni nəsil media forumunu çox dəyərləndirirəm. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın çox hallarda vurğuladığı kimi, eyni məqsədlər üçün daha sıx və bir çətir altında birləşməliyik, türk dövlətləri ilə müştərək hərəkət edərək ortaq platformalar qurmalıyıq. Türkiyə olaraq qlobal dezinformasiyaya qarşı Türk dünyasına tam dəstək verməyə hazırıq. Bu sahədə gücümüzü birləşdirməliyik, regionda və dünyada fəaliyyətlərimizi ən üst səviyyəyə qaldırmaqla daha ədalətli dünyanın yaranmasına dəstək verməliyik...”.

Qeyd edək ki, “Türk dünyası yeni nəsil media fəaliyyətləri” panelində Azərbaycanı İctimai Televiziyanın Türkiyə bürosunun rəhbəri Ramin Hüseynov təmsil edib. Tədbirə Türkiyənin “Star” qəzetinin yazarı Sevil Nuriyeva da qatılıb.

Mehparə Sultanova
Bursa