Ölkəmizdəki palçıq vulkanları ekoturizm üçün geniş imkanlar açır
Mayın 4-də Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Geologiya İnstitutunun “Palçıq vulkanizmi” şöbəsi və “GEO Travel” turizm şirkətinin təşkilatçılığı ilə Qobustan rayonunda yerləşən palçıq vulkanlarına infotur keçirildi. İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin, Geologiya İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları və KİV nümayəndələri iştirak edirdilər.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Cəmil Kəlbəliyev bildirdi ki, infoturun keçirilməsində məqsəd 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı ölkə başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planının 30-cu bəndinin (“Palçıq vulkanizmi” turizm marşrutunun hazırlanması) icrasını təmin etməkdir. Onun sözlərinə görə, ölkəmizdəki palçıq vulkanları dünyanın möcüzələrindən biri hesab olunur: “Bu məkanların turizm nöqteyi-nəzərindən tanıdılması və təşviq edilməsi, eyni zamanda müvafiq turist proqramlara daxil edilməsi hazırda prioritet məsələ hesab olunur. Ona görə də turizm şirkətləri əməkdaşlarının və KİV nümayəndələrinin palçıq vulkanları haqqında geniş məlumatlı olması vacibdir”.
Lökbatan vulkanı Azərbaycanın ən aktiv palçıq vulkanıdır
Səfərin proqramına uyğun olaraq infotur iştirakçıları Bakının Ələt qəsəbəsi istiqamətində yerləşən Lökbatan vulkanına baş çəkdilər. Geologiya İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin baş elmi işçisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov vulkan barədə məlumat verdi. Qeyd olundu ki, Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyni adlı neft-mədən sahəsində yerləşən Lökbatan vulkanı oroqrafik cəhətdən zirvəsində iki günbəz şəkilli yüksəklikdən ibarətdir. Bu iki yüksəklik arasında 1887-ci ildə üçüncü dəfə püskürmədən sonra əmələ gəlmiş yüksək krater sahəsi var. Vulkanın mütləq hündürlüyü 98, yer səthinə nisbətən hündürlüyü isə 130 metrdir.
Mütəxəssisin sözlərinə görə, püskürmələrin sayına görə dünyada rekordçu olan Lökbatan vulkanı Azərbaycanın ən aktiv palçıq vulkanıdır: “Bu vulkan 1829-cu ildən başlayaraq indiyə qədər 22 dəfə püskürüb. Axırıncı dəfə isə 2001-ci ilin oktyabrında püskürüb. Püskürmələr yer səthinə böyük həcmdə vulkan brekçiyasının çıxması, qazların alışıb yanması, alovun bəzən 300-400 metr hündürlüyə qalxması ilə müşayiət olunub. Ətrafdakı vulkan brekçiyasının örtüyü 425 ha sahəni əhatə edir”.
Orxan Abbasov Lökbatan vulkanı haqqında bəzi maraqlı faktları da nəzərə çatdırdı: “Azərbaycanda neft hasilatı tarixinin bir çox səhifələri Lökbatan palçıq vulkanı ilə bağlıdır. Uzun zaman palçıq vulkanizminə neft və qaz yataqlarının dağılması amili kimi baxılırdı. Lakin 1933-cü ildə Lökbatan palçıq vulkanında qazılmış 45 saylı quyu 20 min ton debitlə fontan vurdu. Bununla da sübut olundu ki, vulkanlar yataqları dağıtmır. 45 saylı quyu isə hələ də istismardadır”.
Daşgil vulkanında cəmi 6 püskürmə olub
İnfotur çərçivəsində növbəti baş çəkdiyimiz məkan Daşgil palçıq vulkanı oldu. Ələt dəmir yolu stansiyasından 2-2,5 km şimalda, Daşgil strukturunun qərb hissəsində yerləşən vulkan müstəvi şəkilli, eninə istiqamətdə yastı təpə formasındadır. Geologiya İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin mühəndisi Arif Hüseynovun dediyinə görə, vulkanın yer səthindən hündürlüyü 100 metrdir: “Vulkanın sahəsində intensiv şəkildə qaz ayrılır, lilli su çıxır. Daşgil ilk dəfə 1926-cı ildə püskürüb. Vulkanın köhnə kraterindən qərbdə qazların, neft qabarcıqları qatı palçıq ayıran aktiv qrifonlar yerləşir. Mərkəz hissədə həmçinin krater hissəsinin şərqində iki böyük salz var. Onlardan birində diametri 15 metr olan güclü qaz ayrılması və lilli su axını müşahidə olunur. Vulkandan çıxarılan brekçiyanın ümumi həcmi 253 milyon kubmetr, onun orta qalınlığı 55 metr, örtüyü 460 hektardır”. İndiyə qədər Daşgil vulkanında 6 iri püskürmə olub. Onlardan birincisi 1982-ci ildə, sonuncusu isə 2001-ci ildə baş verib.
Biz orada olanda vulkanda bir neçə kiçik püskürmə oldu. Bu zaman yaranan mənzərə o qədər gözəl idi ki, onun ecazkarlığına, vulkanik süxurların qəribə dünyasına heyran olmamaq mümkün deyildi.
Qoturdağda 100 ildən çoxdur ki, fasiləsiz püskürmə baş verir
Qoturdağ palçıq vulkanı Qobustan ərazisində yerləşir. Bakıdan 70 kilometr cənub-qərbdə, Ayrantökən adlanan sahənin 3 km-liyində yerləşən vulkanın hündürlüyü 150 metrdir. Vulkan dərinliyi 15-20 metr, diametri 150 metr olan kəsik konus şəklindədir. Orxan Abbasovun sözlərinə görə, Qoturdağ vulkanı aktivlik baxımdan digərlərindən fərqlənir: “100 ildən artıqdır ki, vulkanda gözəl mənzərə müşahidə olunur: fasiləsiz qeyri-adi püskürmə prosesi baş verir ki, bu da uzunluğu 50 metr, eni 15 metr olan nalşəkilli krater boğazından çıxan günbəzşəkilli palçıq kütləsinin əmələ gəlməsinə səbəb olur. Yarıquru brekçiya yuxarı sıxılıb çıxır və parçalanaraq yamac boyu aşağı axır. Bu hadisə ilk dəfə 1926-cı ildə müşahidə olunub. Bu proses 1966-cı ilə qədər davam edib. Sonra isə həmin ilin oktyabrında və 1970-ci ilin yazında adi püskürmə baş verib”.
Mütəxəssisin sözlərinə görə, Azərbaycan dünyada palçıq vulkanlarının geniş yayıldığı ölkə kimi tanınır. Onun sözlərinə görə, Yer kürəsindəki 800-dək palçıq vulkanından təxminən 320-si ölkəmizin ərazisindədir. Əsasən Bakı və Abşeron yarımadasında, eləcə də Qobustan və Şamaxı rayonları ərazisində yayılmış palçıq vulkanlarının bəziləri təbiət abidəsi kimi formalaşıb.
Dünya təcrübəsində palçıq vulkanları yerləşən və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri, kurortlar inşa edilir. Bəs Azərbaycan necə, təbiətin bəxş etdiyi bu imkandan yetərincə yararlana bilirmi?
Orxan Abbasov deyir ki, bu təbiət abidələrinin turizm obyekti kimi tanıdılması ölkəmizdə turizmin bir istiqaməti kimi nəzərdən keçirilir. Ölkə Prezidentinin 2007-ci il 15 avqust tarixli sərəncamı ilə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılıb: “Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına olan antropogen təsirlərin artması onların mühafizəsini aktuallaşdırıb və ölkə Prezidentinin sərəncamı ilə ərazidə təbiət qoruğunun yaradılması bu zərurətdən irəli gəlib. Bununla yanaşı, palçıq vulkanları ərazilərinə turizm marşrutlarının tərtib edilməsi üçün müəyyən məsələlərin həllini tapması lazımdır. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna əsasən, qoruq ərazilərində turizm fəaliyyəti qadağan edilir. Bu səbəbdən Bakı və Abşeron yarımadasındakı palçıq vulkanlar qrupu Dövlət Təbiət Qoruğuna Milli Park statusu verilərsə, o zaman palçıq vulkanlarının marşrutları üzrə turistlərin fəaliyyətinə icazə verilə bilər. Qoruq statusu ərazidəki 52 palçıq vulkanına şamil edilib. Bu vulkan ərazilərinin böyük turizm potensialı var”.
Qeyd edək ki, palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti ola bilər. Mütəxəssisin dediyinə görə, dünya təcrübəsində mədə-bağırsaq, periferik və mərkəzi əsəb sistemi, uroloji, oynaq, radikulit, dəri və s. xəstəliklərin müalicəsində vulkan palçığından geniş istifadə olunur. Bu baxımdan palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin yaradılması vacibdir.
Fəxriyyə Abdullayeva