Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar SSRİ Xalq artisti Rauf Hacıyevin (1922-1995) 100 illiyi münasibətilə keçirilən musiqi festivalı davam edir.

Dekabrın 22-də festivalın növbəti konserti Beynəlxalq Muğam Mərkəzində reallaşdı. Yığcam, xüsusi ab-havası olan musiqi axşamında bəstəkarın Əlcəzair mövzusunda əsərləri, piano üçün miniatürləri səsləndirildi.

Qeyd edək ki, Rauf Hacıyev 1971-ci ildə Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzairə gedən mədəniyyət qrupuna rəhbərlik edib. Azərbaycan musiqisi tarixində novator bəstəkar kimi qalan Rauf Hacıyev əlcəzairli gənclərin musiqi təhsilində, milli musiqi məktəbinin formalaşmasında yaxından iştirak edib. Həmin musiqiçi kadrlar indi də Əlcəzair Milli Konservatoriyasında və Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.

Konsert proqramında bəstəkarın sevilən mahnıları dirijor Leyla Zalıyevanın rəhbərliyi ilə “Şəms-Qəmər” kamera xoru (Milli Konservatoriya) tərəfindən səsləndirildi. Xoru Əməkdar müəllim Naibə Şahməmmədova müşayiət edirdi. Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyevin ifalarında Rauf Hacıyevin operettalarından parçalar maraqla qarşılandı.

Gecədə musiqişünas Vəfa Həmidova dolğun və əhatəli çıxışı ilə tamaşaçıları Rauf Hacıyev yaradıcılığının maraqlı məqamları ilə tanış etdi. Beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli və Atabala Manafzadə bəstəkarın fortepiano üçün miniatürlərini sevgi və ehtiram dolu ifaları ilə təqdim etdilər.

Xalq artisti Salman Qəmbərov və ifaçı Rövşən Qəhrəmanovun “Saçlarına gül düzüm”ü yeni işləmədə birgə ifaları isə xüsusi təsir bağışladı. Bu ifa ilə zala sanki çiçək yağışı ələndi...

Bütün gözəlliklərə və improvizələrə imkan yaradan Rauf Hacıyev musiqisinin maraqlı təqdimatları, məlahətli tembrləri konsertin ovqatına özəllik və gözəllik bəxş etdi.

Xatırladaq ki, dekabrın 3-də başlayan “Rauf Hacıyev – 100” festivalı ayın 27-dək davam edəcək.

Lalə Azəri