Mingəçevir Dövlət Dram Teatrında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün hazırlanmış "Şaxta babanın Mingəçevir sərgüzəştləri" adlı tamaşasının nümayişinə başlanılıb.

Şou-proqramın məqsədi bayram ərəfəsində və tətil günlərində uşaqların asudə vaxtını səmərəli və əyləncəli keçirməkdir.

Günel Məcidovanın pyesi əsasında səhnələşdirilən tamaşada iki uşağın – Cəlalla Əhmədin mübahisəsindən, onların Şaxta babaya məktub yazaraq həqiqəti öyrənmək üçün onu buraya dəvət etməsindən bəhs olunur. Hər iki uşaq Mingəçevirdə yaşayır. Şəhərdə bir kasıb ailə var. Hər gecə onların qapısının ağzına hədiyyələr qoyulur. Uşaqlar bu hədiyyələrin kimin gətirdiyini bilmək istəyir və Şaxta babaya məktub yazırlar. Şaxta babaya da hədiyyələrin kimdən gəldiyi maraqlıdır. Ona görə də uşaqlar üçün Laplandiyadan Azərbaycana gəlir. Onun ardınca Şaxta nənə, Qar qız, Ayı, Canavar, Dovşan da Azərbaycana – Mingəçevir şəhərinə gəlirlər. Bütün hadisələr də məhz burada cərəyan edir. Sonda hədiyyələri kimin verdiyi məlum olur...

Tamaşanın quruluşçu rejissoru Vüsal Mehrəliyev, rejissoru İbrahim Salamov, quruluşçu rəssamı Vəfa Həmzəyeva, musiqi tərtibatçısı Elnur Rəsulov, rəqslərin quruluşçusu Eyvaz Əliyev, rejissor assistenti Məlahət Ağayevadır.

Teatrda Yeni il şənlikləri yanvarın 3-dək davam edəcək.