Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissorumuz Ulduz Rəfilinin (1922-2006) anadan olmasının 100 illiyi münasibətilə tamaşa göstərilib. Gecədə xanım rejissorun bir zamanlar Mirandolina obrazını ifa etdiyi diplom tamaşası olan Karlo Qoldoninin “Mehmanxana sahibəsi” nümayiş etdirilib.

Tamaşadan əvvəl Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, aktrisa Sona Babayeva, truppa müdiri Ələsgər Muradxanlı, unudulmaz rejissorun bacısı qızı Dilşad Kərimova və nəvəsi Ulduz Hüseynzadə çıxış edərək milli teatr sənətinin formalaşması və inkişafında Ulduz Rəfilinin xidmətlərindən danışıb, xatirələrini bölüşüblər.

Çıxışlardan sonra Ulduz Rəfilinin ailə üzvləri rejissorun yubileyinin keçirilməsində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Daha sonra tamaşa göstərilib. Tamaşada Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Anar Səfiyev iştirak ediblər.