Biz əzmlə, məsuliyyətlə öz missiyamızı yerinə yetiririksə, bu, Türk dünyasının nəhəng ulduz kimi parlamasına töhfə verdiyimizi göstərir.

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın paytaxtı Astanada keçirilən I Mərkəzi Asiya Media Forumunda çıxışında deyib.

Xəbər verdiyimiz kimi, Astanada 20-21 dekabr tarixlərində keçirilən forumda Türk dünyasından təşkilatlar və digər beynəlxalq qurumların rəhbər və təmsilçiləri, ictimai-siyasi xadimlər, alimlər iştirak ediblər.

Forumun “Beynəlxalq təşkilatlar – əməkdaşlıq körpüsü” adlı panel sessiyasında çıxış edən Günay Əfəndiyeva türk xalqlarının eyni soydan, mədəniyyətdən, dil və dindən gəldiyini vurğulayaraq müasir dövrdə onların arasında əlaqələri daha da genişləndirmək üçün əlverişli imkanların olduğunu bildirib: “Hazırda türk xalqları sıx əməkdaşlıq aparmaq üçün böyük potensiala malikdir. Biz mənəvi varlığımızı dərk edərək ortaq köklərimizə, dəyərlərimizə söykənməklə, həmrəy olmaqla gözlənilən nəticələri əldə etməyə qadirik”.

Fondun prezidenti türk xalqlarının inteqrasiya proseslərindən danışaraq, türk dövlət başçılarının bu yöndəki səylərini yüksək qiymətləndirib: “Onların uzaqgörən siyasəti bu gün türk dövlətləri arasındakı münasibətləri yeni və daha üstün mərhələyə yüksəltməklə yanaşı, həm də bölgədə rifaha, sülhə, əmin-amanlığa xidmət etməkdədir”.

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gənc təşkilat olmasına baxmayaraq, beynəlxalq aləmdə geniş fəaliyyətindən söz açıb: “Fond türk xalqlarının maddi və mənəvi mədəniyyətini öyrənməkdə, qorumaqda və tanıtmaqdadır. Bütün işlərimizdə və layihələrimizdə ortaq hədəfimizə sadiq qalaraq türk mədəniyyətinin zənginliyini dünya miqyasında yaymağı qarşımıza məqsəd qoymuşuq. Bu ildən beynəlxalq katibliyin formalaşması ilə təşkilat yeni mərhələyə qədəm qoyub”.

Fondun prezidenti zamanın tələblərinə uyğun olaraq, Türk dünyasının mediadan geniş və səmərəli şəkildə istifadəsinin vacibliyinə də toxunub: “Təşkilatın qurucu üzv ölkəsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazisində erməni işğalı zamanı məqsədyönlü şəkildə vandalizm aktları törədilmişdir. Qarabağ işğaldan öncə ədəbiyyatı, musiqisi, incəsənəti, yetişdirdiyi görkəmli şəxsiyyətləri, mədəni abidələri ilə məşhur guşələrdən biri idi. Təəssüf hissi ilə bildirirəm ki, orada yerləşən memarlıq nümunələri, muzeylər, kitabxanalar, incəsənət məktəbləri, teatrlar ermənilər tərəfindən misli görünməmiş dağıntılara məruz qalıb, məhv edilib. Biz bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu xüsusda medianın rolu və məsuliyyəti çox böyükdür.”

Günay Əfəndiyeva Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi istiqamətində türk əməkdaşlıq təşkilatlarının fəaliyyətlərinin əhəmiyyətinə diqqəti çəkib: “Əgər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk xalqlarının minillik dəyərləri fərqli qitələrdə – Avropada, Asiyada, Latın Amerikasında müxtəlif tədbirlər və layihələrlə tanıdılırsa, bu, türk dövlətlərinin sahib olduqları tarixi və mədəni irsin bütün dünyaya nümayiş olunmasında beynəlxalq təşkilatların oynadığı rolun önəmini sərgiləyir”.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdıralı ilə görüşüb.

Fonddan bildirilib ki, görüşdə Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə naziri təbrik edib. G.Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın qurucu üzv dövləti Qazaxıstanın çoxəsrlik mədəni irsinin təbliği istiqamətində fond tərəfindən həyata keçirilən layihələrdən söz açaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi yönündə gələcək planlardan bəhs edib. G.Əfəndiyeva Türk dünyasının inteqrasiya proseslərinin sürətləndirilməsi məqsədilə türk əməkdaşlıq təşkilatlarının ortaq fəaliyyətinin əhəmiyyətini vurğulayıb, nazirin bu kontekstdə uğurlu təcrübəsini qeyd edib.

Darxan Kıdıralı türk təşkilatları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən aparılan işlərin Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsinə önəmli töhfə verdiyini nəzərə çatdırıb. Nazir fond tərəfindən üzv dövlətlərlə qurulan sıx əməkdaşlığı, eləcə də Qazaxıstanın sahib olduğu zəngin dəyərlərin öyrənilməsi və beynəlxalq miqyasda tanıdılmasını təqdirəlayiq hesab etdiyini bildirərək fondun fəaliyyətinə daimi dəstəyini ifadə edib.