Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı yataqların ermənilər tərəfindən qanunsuz istismarına etiraz olaraq azərbaycanlı ekoaktivistlər, QHT təmsilçiləri və könüllülərin iştirakı ilə dekabrın 12-də Xankəndi-Laçın yolunda, Şuşa şəhəri yaxınlığında başlayan aksiya davam edir.

Dekabrın 27-si dinc etiraz aksiyasının 16-cı günüdür.

Aksiya iştirakçıları yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar deyirlər. Hər üç dildə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarları  səsləndirilir.

Aksiyanın keçirildiyi yoldan mülki avtomobillərin sərbəst keçidi davam edir. Dekabrın 27-də Rusiya sülhməramlı kontingentinə məxsus daha təminat və təchizat maşınları Xankəndindən Laçın istiqamətinə keçib.Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz hərəkətinə şərait yaradılıb. Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.