“Şuşa İli” kimi yaddaşlara yazılan və sayılı günləri qalan 2022-ci il M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası üçün rəngarəng tədbirlər, nəşr layihələri və yeni əməkdaşlıq əlaqələrinin qurulması ilə əlamətdar olub.

Kitabxanadan bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamına, habelə Nazirlər Kabineti tərəfindən bu sərəncamın icrası ilə bağlı təsdiq olunan tədbirlər planına uyğun olaraq Milli Kitabxananın təşkilatçılığı ilə müxtəlif gerçəkləşdirilib.

Fevral ayında Milli Kitabxanada “Şuşa İli”nin açılış mərasiminə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimatı olub. Əlamətdar il çərçivəsində həmçinin “Zəfərimizin təntənəsi 2022-ci il “Şuşa İli”dir” adlı elektron metodik vəsait hazırlanıb, “Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827–1915-ci illərə aid qəzet materialları əsasında” adlı kitab nəşr olunub. Bundan əlavə, “Şuşa”, “Şuşanın görkəmli şəxsiyyətləri. Bülbül”, “Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” və s. mövzularda virtual sərgilər, “Qarabağın incisi Şuşa”, “Biz səni dirçəldəcəyik, əziz Şuşa!” və “Xurşidbanu Natəvan” adlı elektron məlumat bazaları hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Bu ilin oktyabrında səkkizincisi keçirilən və “Şuşa İli”nə həsr olunan Bakı Beynəlxalq Kitab Sərgisində “Şuşa tarixi sənədlərdə (Milli Kitabxananın fondundan)” nadir kitabı və “Şuşa tarixi mənbələrdə” adlı biblioqrafiyanın təqdimatı gerçəkləşib. Sərgi çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Albaniya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb, Albaniyadan nümayəndə heyətinin iştirakı ilə kitabxananın Beynəlxalq əməkdaşlıq zalında bu ölkənin daimi guşəsinin açılışı olub.

“Müasir dövrdə kitabxanalar: gələcəyə baxış” mövzusunda dəyirmi masa da ilin yaddaqalan tədbirlərindən olub. Həmçinin Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi olan “Qarabağa kitabla gedək!” kitabtoplama kampaniyasına dəstək məqsədilə nəşriyyatlar tərəfindən kitab hədiyyə etmə mərasimini təşkil edilib. Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 112 090 nüsxə ədəbiyyat toplanıb.

Məlum olduğu kimi, bu il Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Xurşidbanu Natəvanın 190, Ömər Faiq Nemanzadənin 150, Hüseyn Cavidin 140, Əhməd Bakıxanov və Əhməd Cavadın 130, Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub. Bu yubileylərlə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan tədbirlər planına müvafiq olaraq Milli Kitabxana tərəfindən il ərzində bir sıra layihələr həyata keçirilib. Ədəbiyyat və mədəniyyətimizin inkişafında mühüm xidmətləri olan bu görkəmli şəxsiyyətlərin yubileyləri münasibətilə elektron məlumat bazaları, virtual və ənənəvi sərgilər, daycestlər hazırlanıb, biblioqrafiyalar və s. nəşr layihələri həyata keçirilib.  

Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Milli Kitabxananın birgə təşkilatçılığı qala-şəhərimizdə vaxtilə fəaliyyət göstərmiş “Məclisi-üns” ədəbi məclisinin bərpası ilə bağlı ilk toplantısı keçirilib. Tədbirdə Milli Kitabxana tərəfindən Nadir kitablar fondu əsasında “Xurşidbanu Natəvan – 190” mövzusunda ənənəvi sərgi açılıb.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ilk ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərinin “Milli Kitabxananın qızıl fondundan” seriyasından 4 dildə ilk nəşrinin, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin “Elçin teatrı: absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” kitabının təqdimat mərasimləri təşkil olunub.

Bundan əlavə, il ərzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Milli Kitabxananın nəşri olan “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının, “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” mövzusunda həyata keçirdiyi birgə layihə üzrə 2022-ci ildə nəşr olunmuş 21 adda Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimləri keçirilib. Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin ildönümünə həsr olunmuş və Bakı Şəhər İcra Hakimiyyətinin, AMEA-nın Tarix İnstitutu ilə birgə nəşr etdiyi “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının elmi müzakirəsinə həsr olunmuş dəyirmi masa,“Emin Sabitoğlu. Biblioqrafiya” kitabı və “Emin Sabitoğlu. Sonatina” not məcmuəsinin,  təqdimat mərasimləri təşkil olunub.

İl ərzində kitabxanada tanınmış elm və mədəniyyət xadimlərini yubiley tədbirləri və kitablarının təqdimatlarına həsr olunan tədbirlər də keçirilib. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 85 illik yubiley tədbiri və alimin “Seçilmiş əsərləri”nin 11 və 12-ci cildlərinin, “Azərbaycanda və İraqda bayatlar” və “Xilaskarlar” (fars dilində, habelə Sərvaz Hüseynoğlunun “Ömrün Qəzənfər Paşayev modeli” kitablarının təqdimatları buna misaldır. Bu il həmçinin “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Fikrət Əmirov. Biblioqrafiya”, bəstəkarın “Qoboy və fortepiano üçün altı pyes” not məcmuəsi əd kitabxanada ictimaiyyətə təqdim olunub.

Bu il də Milli Kitabxana bir sıra ölkələrdə beynəlxalq tədbirlərin iştirakçısı olub. Belə ki, kitabxana Doha şəhərində (Qətər) təşkil olunan beynəlxalq kitab sərgisi, İstanbulda “Kitabxanalar həyatla doludur” mövzusunda 58-ci beynəlxalq kitabxana həftəsi, Rusiyanın Nijni Novqorod və Moskva şəhərlərində keçirilən kitabxana ilə bağlı tədbirlərdə, habelə “CENL – Avropa Milli Kitabxanaları Konfransının 36-cı illik iclası, Qırğızıstanda təşkil olunan MDB kitabxanaçılarının beynəlxalq konfransı, Riqa şəhərində (Latviya) keçirilən “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi və onun universal dəyərlərin təbliğinə təsiri” mövzusunda simpozium və “Xurşidbanu Natəvan: ədəbiyyatın və incəsənətin təbliğində Azərbaycan qadınının rolu” adlı seminar”, Minsk şəhərində Belarus Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş “Kitabxana bir mədəniyyət fenomeni kimi” IX beynəlxalq konqresi bu qəbildəndir.

Bu il Azərbaycan Milli Kitabxanasının beynəlxalq əməkdaşlıq əlaqələri daha da genişlənib. Kitabxana ilə Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə, Seçeni adına Macarıstan Milli Kitabxanası, İsrail Milli Kitabxanası və Albaniya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum, eləcə də Koreya Xalq Demokratik Respublikasının Xalq Tədris Mərkəzi arasında kitab mübadiləsi haqqında protokol imzalanıb.