“Mədəniyyət/Culture” jurnalının dördüncü sayı – “Xarıbülbül” xüsusi buraxılışı işıq üzü görüb.

Nəşr Prezident İlham Əliyevin 2020-ci ilin Vətən müharibəsindən sonra Şuşada keçirilmiş “Xarıbülbül” festivallarındakı çıxışları və Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi haqqında sərəncamı ilə başlayır.

Jurnalda Şuşanın milli mədəniyyətimizdəki müstəsna yeri, tarixi Qələbəmizin zirvə nöqtəsi olmasından bəhs edilir.

Xüsusi buraxılışda 2022-ci ilin 12-14 may tarixlərində Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirak edən redaksiya heyətinin təəssürat yazıları, musiqi tənqidçilərinin festival tədbirləri, eləcə də musiqimizdə, təsviri sənətimizdə, folklorumuzda xarıbülbül anlayışı ilə bağlı məqamlardan bəhs edən məqalələri dərc olunub.

Jurnalın səhifələrində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının bütün tədbirləri, konsert proqramları geniş əks olunub, qonaqların və festival iştirakçılarının ürək sözləri, təəssüratları qeyd edilib.

Jurnalın elektron səhifəsi burada: www.medeniyyetculture.com

Xüsusi buraxılışı nəşrin QR kodunu skan edərək yükləmək olar.