O, müəllimliyi, tarixçiliyi və jurnalistliyi özündə birləşdirir. Doğma Ağdamda əmək fəaliyyətinə müəllim kimi başlayan Bəbir Hüseynov sonralar Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, bir müddət rayonda partiya işində çalışıb. Ötən əsrin 70-ci illərinin axırlarında o vaxt “Lenin yolu” adlanan, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra “Ağdam” adı ilə çıxan qəzetdə redaktorluq fəaliyyətinə başlayıb. 20 il qəzetin redaktoru olub.

Əməkdar jurnalist, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəbir Hüseynovun 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə bu barədə söhbət açılıb.

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və başqaları yubilyarın həyatından və mətbu fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, Bəbir Hüseynov redaktorluqdan 1998-ci ildə ayrılsa da, jurnalistikadan, yaradıcılıqdan uzaq düşməyib. “Ömürdən qalan izlər”, “Həyat illərin aynasında”, “Qarabağ tarixindən səhifələr” adlı kitablarını qələmə alıb. Çıxışlarda o da vurğulanıb ki, jurnalist-tarixçi hazırda yaşadığı Bakı şəhərinin Nərimanov rayonunda Ağsaqqallar Şurası idarə heyətinin üzvü kimi müxtəlif yığıncaq və tədbirlərdə yaxından iştirak edir.

Tədbirdə yubilyara Nərimanov və Ağdam rayon İcra hakimiyyətlərinin, Mətbuat Şurasının diplomları təqdim olunub.

Bəbir Hüseynov onu yubileyi münasibətilə təbrik edənlərə və iştirakçılara təşəkkürünü bildirib.