Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş iş planına uyğun olaraq, Dövlət Arxivinin Salyan filialında rayon ictimaiyyəti və müvafiq qurumların nümayəndələrinin iştirakı ilə “açıq qapı” günü keçirilib.

Milli Arxiv İdarəsindən bildirilib ki, tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Salyan rayon şöbəsinin sədri Vəfa Əbilova, Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Ağabəyli və əməkdaşı Fəxriyyə Miriyeva, Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Səidə Əliyeva, Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Şamxal Əhmədov iştirak ediblər.

Dövlət Arxivinin Salyan filialının direktoru Səkinə Məlikova arxivin əsas fəaliyyəti istiqamətləri, o cümlədən filialın əhatə etdiyi Cəlilabad, Biləsuvar və Neftçala rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında danışıb.

Filialın əməkdaşları Məlahət Sərdarova və Sədəf Nəcəfova mühafizə edilən arxiv sənədləri haqqında məlumat verib, qonaqların sualları cavablandırıblar.