Ağdam Muğam Mərkəzində Qarabağ aşıq mühitinin ustad sənətkarlarından olmuş, Aşıq Valehin (1722-1822) 300 illiyinə və Almara Nəbiyevanın sənətkar haqqında yazdığı “Qarabağdan səfər etdim” kitabının təqdimatına həsr edilmiş tədbir keçirilib.

Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin moderatorluğu ilə keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru, BDU-nun “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının müdiri Almara Nəbiyeva, AMEA-nın Folklor İnstitutunun əməkdaşları dosentlər İlhamə Qəsəbova, Qalib Sayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mahmud Allahmanlı, tibb elmləri doktoru Zakir Əliyev, AMEA Tarix İnstitutu və BDU-nun Coğrafiya fakültəsinin əməkdaşları və tanınmış aşıqlar iştirak ediblər.

Çıxışlarda Azərbaycan aşıq sənətinin inkişafına göstərilən dövlət qayğısından, Qarabağın ustad aşığı Aşıq Valehin həyat və yaradıcılığından geniş söhbət açılıb.

Bədii hissədə aşıqların ifasında ustad sənətkarın sözlərinə yazılmış mahnılar və saz havaları səsləndirilib.

Sonda Ağdamın icra başçısı Vaqif Həsənov tərəfindən qonaqlara təşəkkürnamələr təqdim olunub. Aşıq Valehin kötücəsi Heyruz Əliyev tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.