Mədəniyyət Nazirliyinin 2022-ci ilin mart ayından həyata keçirdiyi “Yeni adlar” layihəsinin payız-qış mövsümü başa çatdı. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında mövsümün sonuncu konserti dekabrın 29-da keçirildi.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər vardı.

Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor: Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı (violin) və Əli Məmmədov (piano) çıxış etdilər.

Nəzrin Aslanlının ifasında Y.Sibeliusun “Violin və orkestr üçün konsert”i, Əli Məmmədovun ifasında isə S.Raxmaninovun “Piano və orkestr üçün 3 saylı konsert”i alqışlarla qarşılandı.

***

Nəzrin Aslanlı Sumqayıtda anadan olub. 2001-ci ildə Bakı şəhəri 6 saylı İncəsənət məktəbinə daxil olub, 2009-cu ildən təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirib. 2012-2016-cı illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında violin ixtisası üzrə bakalavr pilləsində, sonra isə magistr pilləsində təhsil alıb.

2012-ci ildə Türkiyənin Ədirnə şəhərində keçirilən Mimar Sinan adına beynəlxalq müsabiqədə III dərəcəli diploma layiq görülüb. 2014-cü ildə Rusiyanın Volqoqrad şəhərində “Delfi Oyunları” müsabiqəsində diplom alıb və Volqoqrad Filarmoniyası Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solo çıxış edib. 2015-ci ildə Norveçin Bergen şəhərinin Musiqi Akademiyası ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkil etdiyi layihə çərçivəsində həm Azərbaycan, həm də Norveçdə simfonik orkestrin verdiyi konsertlərdə konsertmeyster qismində iştirak edib. 2016-cı ildə TÜRKSOY-un dəstəyi ilə keçirilən “Avrasiyanın səsləri” musiqi layihəsi çərçivəsində təşkilatın Gənclik Kamera Orkestrinə dəvət alıb və orkestrin heyətində Türkiyə, İngiltərə, İtaliya, Almaniya, Polşa və s. ölkələrdə səhnəyə çıxıb.

N.Aslanlı 2020-ci ildə uğurlu fəaliyyətinə görə Gənclər Mükafatına layiq görülüb. 2022-ci ildə Bakı Kamera Orkestri ilə Kennedi Mərkəzində (ABŞ) “Voice of orchid” xeyriyyə konsertində çıxış edib.

***

Əli Məmmədov Bakıda anadan olub. 2007-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə Əməkdar müəllim Ədilə Rəhimovanın, bəstəkarlıq ixtisası üzrə isə Pikə Axundovanın sinfində təhsil alıb. 2015-ci ildən etibarən bakalavr səviyyəsi üzrə təhsilini ABŞ-da, “Manhattan School of Music”də davam etdirib. Tanınmış pianoçu, professor Fillp Kevin onu öz sinfində təhsil almağa dəvət edib. Burada yüksək nəticələr əldə etdiyinə görə “Harcid and Helene Schoenberg” təqaüdünə layiq görülüb və təhsilini adıçəkilən təhsil müəssisəsinin magistratura səviyyəsində davam etdirib.

2010-cu ildə N.Əliverdibəyov adına gənc ifaçıların müsabiqəsində fortepiano nominasiyasında I yerə layiq görülüb. 2012-ci ildə Ukraynada keçirilən gənc bəstəkarların “Penta Ton” beynəlxalq müsabiqəsinin laureatı olub. 2014-cü ildə İngiltərənin Nyukasl şəhərində pianoçuların müsabiqəsində ölkəmizi təmsil edib. 2016-cı ildə ölkə başçısının müvafiq sərəncamı ilə Prezidentin xüsusi təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.

***

Qeyd edək ki, “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə dəstək məqsədilə həyata keçirilir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

Nurəddin