Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Zəngilan rayonunun Ağalı kəndində tədbir keçirilib.

Kəndinin mərkəzi meydanında təşkil olunan tədbirdə əvvəlcə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov çıxış ediblər.

Sonra Şaxta baba və Qar qız uşaqları salamlayıb. Bayram şənliyi Bakı Dövlət Sirki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı və Füzuli Dövlət Dram Teatrının artistlərinin iştirakı ilə davam edib.

Otuz ildən sonra Yeni ili doğma yurdda qarşılayan Ağalı sakinləri üçün rəqs, musiqi və maraq səhnəciklərlə rəngarəng bədii proqram təqdim edilib.